Hans-Yurgen Gede Berti Foqtsla görüşə niyə gəlməyib?
27.02.2009 - 13:23
Hans-Yurgen Gede Berti Foqtsla görüşə niyə gəlməyib?
Klublardakı həmkarları ilə görüşləri davam etdirən Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün “Standard”, “Simurq” və “Neftçi”nin çalışdırıcıları ilə görüşməli idi. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, alman mütəxəssisin Badri Kvaratsxeliyadan (“Standard”) fərqli, Roman Pokora (“Simurq”) və Hans-Yurgen Gede (“Neftçi”) ilə fərdi qaydada görüşləri baş tutmayıb.

Belə ki, bu klubların baş məşqçiləri ilə əvvəlcədən görüşün vaxtı və yeri razılaşdırılsa da, yalnız gürcüstanlı çalışdırıcı Foqtsla fikir mübadiləsinə qatılıb. Pokora üzürlü səbəbə görə gələ bilmədiyi barədə məlumat verdiyindən, onunla görüşün vaxtı dəyişdirilib. “Neftçi”yə təyinatınadək yığmada Foqtsun köməkçisi olan Gede isə heç bir səbəb göstərmədən görüşə gəlməyib.

Qeyd edək ki, Berti Foqts dünən fərdi qaydada Valentin Xodukin (“İnter”), Qyoko Hacıyevski (“Bakı”) və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Millinin baş məşqçisi digər komandaların baş məşqçiləri ilə də görüşlər keçirəcək.
0