Azərbaycan Premyer Liqasında ilk almaniyalı futbolçu
02.09.2009 - 15:35
Azərbaycan Premyer Liqasında ilk almaniyalı futbolçu
“Standard” cari mövsümün iştirak ərizəsinə daha 5 oyunçunun adını daxil edib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”dan icarəyə götürülən Zaur Ramazanov və ötən çempionatda da komandada oynamış legionerlər Adriano da Silva və Dan Pisla ilə yanaşı, 2 debütant da sumqayıtlıların şərəfini qoruyacaq.

Premyer Liqa təmsilçisinin yeni transferlərindən biri çempionatlar tarixinin ilk almaniyalı oyunçusu kimi tarixə düşəcək. Bu əslən livanlı Əl Zeyn Ömərdir. Almaniya vətəndaşlığı daşıyan 24 yaşlı ərəb hücumçunun son klubu aşağı dəstədə mübarizə aparan “Dostluk Osterode” komandası olub. Bunadək “Halberştadt”ın formasını geyib. İndiyədək Azərbaycana gəlmiş yeganə almaniyalı futbolçu – Daniel Sanqevold birinci dəstənin “Gənclərbirliyi” klubunda çıxış etdiyindən, Ömər Premyer Liqa tarixinə Berti Foqtsun ilk həmyerlisi kimi düşəcək.

“Standard”ın digər yeni futbolçusu isə moldovalı Eduard Qrosudur. 29 yaşlı yarımmüdafiəçi son illər Rusiyanın aşağı dəstəsində oynayıb. Vətənində “Tiliqul-Tiras”da oynamış Qrosu legioner kimi Krasnodar “Metallurq”u, həmçinin “Metallurq Kuzbas”sın şərəfini qoruyub. Bu ilin mayından azad agent statusuna yiyələnən moldovalı 3 aydan çoxdur ki, klubsuz qalıb. 2005-ci ildə Moldova millisində debüt edərək yoldaşlıq görüşlərində oynamaq imkanı qazanıb.

Qeyd edək ki, cari mövsümdə Qrosu 2, Ömər isə 8 nömrəli formanı daşıyacaq.
0