Zülfüqar Süleymanov: Bizim ailə rekord vurub - MÜSAHİBƏ
23.12.2013 - 14:20
Zülfüqar Süleymanov: Bizim ailə rekord vurub - MÜSAHİBƏ

Azərbaycan millisinin üzvü Zülfüqar Süleymanov Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ağırlıqqaldıranımız az öncə ölkə başçısı İlham Əliyev tərəfindən aldığı hədiyyədən danışıb və 2013-cü ili dəyərləndirib.

- Azərbaycan prezidenti İlham Əliyevin ilin yekunlarına həsr olunmuş tədbirdə mənzil hədiyyə etdiyi idmançılar arasında siz də varsız. Hansı hisslər keçirirsiz?
- Açığı, hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Təbii ki, ora gedəndə nitq hazırlamışdım. Amma görüş zamanı cənab prezident mənim və ailəmin uğurları haqda məlumatlı olduğunu deyəndə, böyük həyəcan və qürur hissi keçirdim. Bu sözlər məni o qədər həyəcanlandırdı ki, hazırladığım nitqi belə unutdum. Etiraf edim ki, dövlət başçının əlindən belə hədiyyəni almaq ən böyük arzum idi. Yəni, prezidentimizin təqdim etdiyi hədiyyə mənim üçün həqiqətən ali mükafat oldu. Mənə nəsib olduğuna görə, Allaha min dəfə şükür, hamıya təşəkkür edirəm.

- Uğurlarınızda kimlərin rolu var?
- Ailəm, məşqçilərim, federasiyadan həmişə mənə dəstək olublar. Məhz rəhbərliyimizin köməyi sayəsində məşq prosesində lazımi idman qurğuları və ləvazimatlarla təmin olunuruq. Biz idmançılar üçün yaradılan ümumi şəraiti, daim əhatə olunduğumuz diqqəti də xüsusi qeyd etməliyəm. Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova buna görə təşəkkür edirəm. Əlbəttə ki, ən böyük təşəkkürümü dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə bildirirəm. O, idmana və idmançılara çox böyük qayğı və diqqət nümayiş etdirir. Bunun nəticəsidir ki, idmançılarımız ilbəil rekord sayda medallar qazanaraq ölkəmizə gətirir. Dünyanın idman arenalarında Azərbaycanın adını yüksək tuturlar.

- 2013-cü ili özünüz üçün necə xarakterizə edərdiz?
- Çox düşərli və uğurlu oldu. Ötən ilin dekabr ayından bu yana 3 böyük yarışda – İWF-in Qran-pri seriyasından olan Beynəlxalq Bakı Kuboku, Avropa çempionatı və İslam Həmrəylik Oyunlarında iştirak etdim. Hər üçündə bürünc medal qazandım. Əziyyətimin bəhrəsini gördüm.

- İl ərzində qazandığınız uğurlar nə ilə bağlıdır?
- Yığmamızın baş məşqçisi Zlatan Vanev müsahibələrində bir neçə dəfə etiraf edib ki, idmançılarımız arasında xarakter nümayişi və mübarizlik kimi keyfiyyətlər məhz məndə var. Yəni atlet var ki, zalda dünya rekordu edir, ancaq yarışa gələndə, məşqdəkindən qat-qat aşağı nəticə göstərir. Mən isə əksinə, yarışda məşqdə qaldırdığım çəkinin eynisini, hətta ondan artığını da qaldıra bilirəm. Bu xüsusiyyətim yığmanın baş məşqçisi Vanevin də gözündən yayınmayıb. Zənnimcə, məhz bu xüsusiyyətimə görə, o mənə etimad göstərir, yarışlara aparır. Çox güman ki, əldə etdiyim yaxşı nəticələrin səbəbi psixoloji cəhətdən güclü olmağımdadır.

- İdmançı ailəsindənsiz. Qardaşların da vaxtilə beynəlxalq yarışlarda uğurlar qazanıblar. Yəqin ki, qələbə qazanmağında bu fakt da az rol oynamır. Əks halda, yarışdan sonra belə ailəyə məğlub qayıtmaq elə də asan olmaz…
- Tamamilə doğrudur. Böyük qardaşım Hafiz Süleymanov ikiqat dünya çempionu, dünya rekordçusu, 5 qat Avropa çempionudur. Ailədə bir nəfər uğur qazandısa, digərləri də ona baxıb təkrarlamağa çalışırlar. Üstəlik, valideynlərimiz də bizə dəstək oldular. Hafizdən sonra o biri qardaşım da idmana getdi, sonra isə mən… Bildiyimə görə, indiyədək dünya idman tarixində Avropa və dünya çempionatlarından medal gətirən 4 qardaş olmayıb. Bizim ailə bu mənada rekord vurub. Üç qardaş, bir ata iki oğul olub, ancaq 4 qardaş yox. Bunu biz Süleymanovlar etdik.

- Qarşıdan 2014-cü il gəlir. Bu ildə hədəfiniz nədir?
- Sözün açığı, bir müddət əvvəl karyeramı bitirmək haqda düşünürdüm, bir qədər idmandan küsmüşdüm. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mənə verdiyi bu mükafat, üstəlik, illər öncə qardaşımı da eyni cür təltif etdiyini xatırlaması mənə böyük stimul oldu. Ağır atletikada daha bir neçə il qalıb uğurlar qazanmaq istəyirəm.

0