“Araz”ın yeni transferi: “Barselona” favorit olsa da... - MÜSAHİBƏ
23.04.2014 - 23:10
“Araz”ın yeni transferi: “Barselona” favorit olsa da... - MÜSAHİBƏ

“Araz”ın yeni transferi, ukraynalı qapıçı Aleksey Popovun apasport.az saytına müsahibəsi

 

- Bu gün “Barselona” ilə qarşılaşacaqsınız. Komanda oyuna nə dərəcədə hazırdır?

- Hər şey qaydasındadır. Əhval-ruhiyyə yaxşıdır. Hamı özünü hazır sayır. Çox çalışmışıq, amma çətin olacaq. Qələbə qazanmaq istəyirik.

 

- Təxminən bir aydır komandanın düşərgəsindəsiniz. Uyğunlaşa bilmisinizmi?

- Bəli, adaptasiya ilə bağlı hansısa problem yaşamadım. Mehriban kollektivimiz var. Özümü burda rahat hiss edirəm.  

 

- Əsas qapıçı siz olacaqsınız. Təbii ki, etibarlı qapıçı komandanın yarısıdır. Özünüzə əminsinizmi?

- Maksimum nəticə qazanmağımız üçün əlimdən gələni edəcəm. Burada söhbət yalnız qapıçıdan getmir. Çünki komanda yalnız qapıçıdan ibarət deyil. Müdafiədə yalnız qolkiper dayanmır. Məşqlərdə müxtəlif vəziyyətlərlə bağlı çalışmalar keçdik. Müdafiə olunmağı, standart vəziyyətlər zamanı nə edəcəyimizi, azlıqda qalacağımız təqdirdə necə oynayacağıq və s.

 

- “Barselona”nın oyunlarını izləmisiniz. Hansı təhlükəni hiss edirsiniz?

- Şübhəsiz, bizim çütlüyün favoriti “Barselona”dır. Bu komandanın demək olar ki, zəif cəhəti yoxdur. Oyunlarına çox baxmışıq. Onlara qarşı necə oynamaq lazım olduğunu bilirik. Təbii ki, zəif cəhətlərini tapıb, bundan istifadə etməliyik. “Barselona” favorit olsa da, final fitinə qədər kimin qələbə qazanacağını bilmək mümkün deyil. Bizim də qələbə qazanmaq şansımız var. Son saniyəyə qədər “vuruşacağıq”.

 

- Komandanız UEFA kubokunu qazanmaq iddiasındadır. Amma yarımfinalda rəqibin “Barselona” olması kubokun “Araz” üçün əlçatmaz olduğunu göstərir...

- Bu haqda danışmaq tezdir. Oyunlar Bakıda keçirilir. Buna indi də nail olmasaq, bəs nə vaxt məqsədimizə çatacağıq?

 

- Digər yarımfinal cütlüyü haqda nə deyə bilərsiniz?

- “Dinamo” və “Kayrat” tez-tez qarşılaşırlar. Onlar həm rəsmi, həm də yoldaşlıq oyunlarında üz-üzə gəliblər. Ötən il Tbilisidə keçirilən “Dördlər finalı”nda “Kayrat” qələbə qazandı və çempion oldu. Proqnoz verməyi xoşlamasam da, Moskva təmsilçisinin qələbə qazanacağını düşünürəm.

 

 

0