“Qalatasaray”ın sabiq üzvü Azərbaycanda oynayacaq
01.09.2014 - 16:15
“Qalatasaray”ın sabiq üzvü Azərbaycanda oynayacaq

Bakının “Lokomotiv” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu dəfə Serbiya millisinin sabiq voleybolçusu İvana Derisilo ilə anlaşıb.

 

Son 2 mövsümü zədə səbəbindən boşa verən 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. Onun sonuncu klubu İtaliya “Urbino”su olub (2011-2012).

 

Derisilo bunadək yetirməsi olduğu “Srvena Zvezda”da (2000-2004), “Viçenza” (2004-2006, İtaliya), “Əczaçıbaşı” (2006-2007, Türkiyə), “Volero” (2007-2008, İsveçrə), “Metal Qalati” (2008-2009, Rumıniya) və “Qalatasaray” (2009-2011, Türkiyə) klublarının şərəfini qoruyub.

 

O, İstanbul təmsilçisinin heyətində “Çelenc Cup”ın ən məhsuldar hücumçusu olub. Bakı klubunun yeni transferi, həmçinin 2000-ci ildən şərəfini qoruduğu Serbiya millisi ilə dünya çempionatının bürünc medalını qazanıb (2006). Lakin bir il sonra Avropa çempionatı ərəfəsində zədələnən oyunçu əsas komandaya ara-sıra çağırılıb. 2009-cu ildə isə Universiadanın finalında oynayıb.

 

Qeyd edək ki, bu gündən Bakıda təlim-məşq toplanışına başlayan “Lokomotiv”də İvananın transferi ilə yeni oyunçuların sayı 12-yə çatıb: İvana Derisilo (Serbiya), Karli Lloyd (ABŞ), Sarka Kubinova (Çexiya), Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Russo, Valentina Arriqqetti (hər ikisi İtaliya), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Anita Havlikova (Çexiya) və Evangeliya Çantava (Yunanıstan).

0