[b]“Adımın uca səslə çəkilməsi, alqışlar... Qürurverici anlar idi”[/b] - MÜSAHİBƏ
23.10.2014 - 13:02
[b]“Adımın uca səslə çəkilməsi, alqışlar... Qürurverici anlar idi”[/b] - MÜSAHİBƏ

Monakoda “Golden Foot”un mükafatlandırma mərasimində Azərbaycanı təmsil edən və tədbirə mükafatın jüri prezidenti olaraq qatılan həmyerlimiz Rasim Mövsümzadənin sözügedən səfərlə bağlı müsahibəsi

 

- Əvvəlcə “Golden Foot” mükafatı barədə məlumat verərdiniz.

- Monako şahzadəsi II Albertin himayəsi ilə 2003-cü ildə təsis edilən “Golden Foot” idmandakı nailiyyətləri və şəxsiyyətinə görə digərlərindən fərqlənən futbolçulara verilir. Mükafatın tərkibində 140 qram qızılın olduğu bildirilir. Əvvəllər “Golden Foot”a yaşı 29-u keçən və karyerasını davam etdirən oyunçular layiq görülürdüsə, ötən ildən yaş həddi 28-ə endirilib və onu yalnız bir dəfə qazanmaq olar. Həmçinin, təşkilatçılar keçmiş məşhur futbolçuları da “Futbol əfsanəsi” kimi mükafatlandırırlar. Bundan başqa, “Golden Foot”un sahibi və “Futbol əfsanələri” Monako Knyazlığındakı dəniz sahilində yerləşən “Çempionlar sahili”ndə (“Champions Promenade”) öz ayaq izlərini qoyurlar.

 

- Mükafatın qalibi necə seçilir?

- “Golden Foot”un təşkilatçıları bu dəfə qaydalarda dəyişiklik etmişdilər. Əvvəlcə münsiflər heyəti dekabr-yanvar aylarında mükafata 30 namizədi müəyyənləşdirdi, sonra üç ay ərzində azarkeşlərin onlayn səsverməsi nəticəsində bu siyahıdan 10 futbolçu seçildi, sonra da azarkeşlərin avqustun 31-ə kimi davam edən onlayn səsverməsi ilə qalib bəlli oldu. Əvvəllər isə “Golden Foot”un münsiflər heyətini təşkil edən beynəlxalq jurnalistlər və mükafatın təsisçisi “World Champions Club” şirkəti tərəfindən 10 namizəd futbolçu seçilir və sonra internet vasitəsilə azarkeşlərin səsverməsi ilə qalib müəyyənləşirdi.

 

- İndiyə kimi “Golden Foot”u kimlər qazanıblar?

- Əvvəlcə qeyd edim ki, məşhur futbolçulardan Zinəddin Zidan 4, Canluici Buffon və Paolo Maldini hərəyə 5, Luiş Fiqu və Raul hərəyə 7, Devid Bekhem isə ümumiyyətlə, 9 dəfə bu mükafata namizəd olsa da, onu qazana bilməyiblər. “Golden Foot” ilk sahibi italiyalı Roberto Bacco olub. “Qızıl top”a həsrət qalan futbolçulardan italyanlar Alessandro Del Pyero və FrançeskoTotti, braziliyalı Roberto Karlos, uelsli Rayan Giqqs, isveçli Zlatan İbrahimoviç və kotd’ivuarlı Didye Droqba “Golden Foot”la təsəlli tapıblar. Ümumiyyətlə, indiyə kimi bu mükafatı daha çox italiyalı və braziliyalı oyunçular qazanıblar - hərəyə 3 dəfə.

 

- “Golden Foot”la əməkdaşlığınız necə alındı?

- Artıq üç ildir “Golden Foot”un təşkilatçıları ilə əməkdaşlıq edirəm. Bunun sayəsində ötən il mükafatlandırma mərasimindəki bannerlərdə mükafatın tərəfdaşı kimi “Futbol dünyası”nın loqoları da yer almışdı. Əvvəllər mükafatın münsiflər heyətinin adi üzvü olsam da, bu dəfə “Golden Foot”un jüri prezidenti seçildim. Bundan öncə də mükafatlandırma mərasiminə dəvət almağıma baxmayaraq, müəyyən səbəblərdən iştirak edə bilməmişdim. AFFA rəhbərliyinin dəstəyi ilə “Golden Foot”un Monakoda 12-ci dəfə təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan futbolunu təmsil etdim. Orada hər işdə mənə yardımçı olan “Golden Foot”un komandasına - Miçele Caliendo, Dan Lavore, Barbara Costantino və Lorena Baricallaya öz minnətdarlığımı bildirmək istəyirəm.

 

- Monakoya ilk dəfə deyildi gedirdiniz...

- Bundan əvvəl “UEFA Best Player in Europe” mükafatının səsverməsində iştirak etmək üçün Monako Knyazlığında dörd dəfə olmuşdum, amma indi ilk dəfə səfərim payız fəslinə təsadüf etmişdi. Oktyabr ayı olmasına baxmayaraq, bu ölkədə əsl yay havası vardı və yalnız bir gün güclü yağış yağdı... Bu səfər həmçinin mənim üçün ilk dəfə helikopterlə səyahət etməyimlə əlamətdar oldu. Fransanın Nitsa şəhərindən Monakoya Aralıq dənizinin bir hissəsi olan Liqurya dənizinin üzərindən 6 nəfərlik (pilotla birlikdə) bu nəqliyyat vasitəsilə gəlməyin (sonra da qayıtmağın) də bir başqa ləzzəti vardı.

 

- Bəs hansı digər yaddaqalan məqamları qeyd edə bilərsiniz?

- Monakoda televizorda Lider TV ilə “Kişi sözü” filmini izləməyim də mənim üçün xoş məqamlardan idi. Amma teleyayımdakı mövcud qaydalar üzündən orada Azərbaycan millisinin İtaliya və Xorvatiya ilə oyunlarına baxa bilmədim. Amma oktyabrın 10-da İtaliya – Azərbaycan qarşılaşmasının keçirildiyi vaxt təsadüfən Monakoda kazinoya girən Françesko Tottini görməyim maraqlı idi. 38 yaşlı “Roma”lı futbolçu 2006-cı ildə “Squadra Adzurra” ilə vidalaşıb. Amma onun milli komandanın oyununa tam etinasız olduğunu da demək olmaz, çünki tanışlığımız zamanı telefonunda internetə girib hesabın hələ 0:0 olduğunu bildirdi. Tottinin 2010-cu ildə “Golden Foot”u qazandığını da xatırladım.

 

- Bu dəfə “Futbol əfsanələri” kimi kimlər mükafatlandırıldı?

- Qalibin adı gizlin saxlanılsa da, “Futbol əfsanələri” kimi Monakoya dəvət olunan türk Hakan Şükür, belçikalı Jan-Mari Pfaff, kamerunlu Roje Milla, çex Antonin Panenka, yapon Hidetoşi Nakata və amerikalı qadın futbolçu Mia Hamm “Golden Foot”un bütün tədbirlərində iştirak etdilər. Əsas mükafatlandırma mərasiminədək mətbuat konfransı, sonra ayaq izi qoyma mərasimi, müsahibələr günü oldu.

 

- Hakan Şükürdən əvvəl türk futbolçular bu şərəfə layiq görülmüşdülərmi?

- Hakan Şükür “Futbol əfsanəsi” kimi “Golden Foot”a layiq görülən və Monakoda ayaq izini qoyan ilk türk futbolçudu. Mətbuat konfransında ondan bununla əlaqədar keçirdiyi hissləri anlatmasını xahiş etdim. 43 yaşlı sabiq “Qalatasaray”lı 2000-2001-ci illərdə “İnter”də oynadığı vaxt Monakoya tez-tez gəldiyini və qızının uşaq ikən məhz burada ayaq açmağa başladığını və bu üzdən indi özünün də burada ayaq izini qoyacağının onun üçün xüsusi önəm daşıdığını vurğuladı. Hakan Şükür hansı nailiyyətlərini karyerasının ən böyük uğuru sayması ilə bağlı suala cavab olaraq isə 1999/2000 mövsümündə “Qalatasaray”la UEFA kubokunun qalibi və bu yarışın bombardirlərindən biri olmasını, həmçinin 2002-ci ildə Türkiyə millisi ilə dünya çempionatının bürünc medalını qazanmasını və həmin mundialda 3-cü yer uğrunda oyunun 10,8-ci saniyəsində fərqlənməklə dünya çempionatları tarixində ən tez qolun müəllifi olmasını qeyd etdi.

 

- Pfaff da vaxtilə Türkiyə çempionatında çıxış edib...

- Bəli, uzun illər “Bavariya”nın qapısını qoruduqdan sonra karyerasının sonunda “Trabzonspor”un formasını geyinib. Hələ futbol oynadığı dövrdə gülər üzünə görə “El Simpatico” (“Suyuşirin adam”) ləqəbini qazanmış Jan-Mari Pfaffın sifətindən Monakoda da təbəssüm əksik olmurdu. Hamı ilə zarafatlaşıb, deyib-gülürdü. Bir dəfə mən də onunla zarafatlaşdım. Pfaffın mükafatını əlindən alıb “qaçmağa” cəhd göstərəndə, o da gülüb “No problem” dedi. Hamının xüsusi qəlibə ayaq izini qoymasına baxmayaraq, belçikalı qapıçı olduğundan əllərinin izini qoyaraq fərqliliyini orada da göstərdi. Pfaffın Belçika millisinin heyətində Avro-1980-də 2-ci yeri, DÇ-1986-da isə 4-cü yeri tutduğunu, 1987-ci ildə dünyanın ən yaxşı qapıçısı seçildiyini də xatırladım.

 

- Bəs Milla, Panenka, Nakata və Hammın hansı uğurlarını qeyd edə bilərsiniz?

- Roje Milla “Golden Foot”un, az qala, bütün tədbirlərinə gecikməsi ilə rəng qatdı. 42 yaşında DÇ-1994-də fərqlənən kamerunlu futbol tarixinə dünya çempionatında qol vuran ən yaşlı futbolçu kimi düşüb. O, həmçinin azarkeşlərin yaddaşında DÇ-1990-da vurduğu hər qoldan sonra rəqs etməsi ilə qalıb. İndi rəsmi yaşı 62 olsa da, yaşından çox cavan və gümrah görünür. Antonin Panenka 1976-cı ildə Çexoslovakiya komandasının heyətində Avropa çempionu olub, həmçinin o vaxt onbirmetrdən topu yungül zərbə ilə qapının mərkəzinə doğru göndərməklə “Panenka penalty” adıyla məşhurlaşan üslubun əsasını qoyub.

 

Hidetoşi Nakata 1997 və 1998-ci illərdə Asiyanın ən yaxşı futbolçusu seçilib, yeddi il İtaliya çempionatında çıxış edib (“Roma”, “Parma“ və s.).

 

Mia Hamm ABŞ-ın qadınlar millisinin heyətində iki dəfə dünya, iki dəfə də Olimpiya çempionu olub, 2001 və 2002-ci illərdə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.

 

- Mükafatlandırma mərasimində daha hansı məşhurlar vardı?

- İspaniya millisinin sabiq qapıçısı, 2010-cu ildən “Barselona”nın futbol direktoru olan, zahiri görünüşcə Hollivud ulduzlarına oxşayan Andoni Subizarreta, həmçinin “Tottenhem” və Argentina millisinin keçmiş yarımmüdafiəçisi, 1978-ci ilin dünya çempionu Osvaldo Ardiles ilə bir stol arxasında əyləşmək və yemək, bir dünya çempionatında vurduğu qol sayına görə (DÇ-1958-də 13 qol) rekordçu olan 81 yaşlı fransız Jüst Fonteni görmək və onunla şəkil çəkdirmək də mənə nəsib oldu.

 

- Hakan Şükürə mükafatını siz təqdim etmişsiniz.

- Bəli, amma maraqlıdır ki, Türkiyənin bəzi telekanalları öz reportajlarında, həmçinin Azərbaycanın bir neçə saytı yanlış olaraq Hakan Şükürə mükafatı Monako şahzadəsi II Albertin verdiyini qeyd ediblər. Halbuki mükafatı Hakana “Golden Foot”un jüri prezidenti olaraq mən təqdim etmişəm. Əlbəttə tədbirin aparıcısı tərəfindən adımın uca səslə çəkilməsi, alqışlanmağım, səhnəyə çıxmağım… Təbii ki, qürurverici anlar idi. Mənim üçün digər fərəhləndirici məqam “Golden Foot”un jüri prezidenti kimi xüsusi mükafat almağım oldu. Nəhayət, sonda “Golden Foot”un əsas qalibinin adı açıqlandı – Andres İnyesta. Ötən ildə namizəd olan “Barselona”lı yarımmüdafiəçi ikinci cəhddə bu mükafata sahib çıxa bildi. İspaniya millisi ilə 2010-cu ilin dünya, 2008 və 2012-ci illərin Avropa çempionu olmuş İnyestanın 2012-ci ilin avqustunda mənim iştirakımla elə Monakoda Avropanın ən yaxşı futbolçusu seçilərək “UEFA Best Player in Europe” mükafatını qazandığını da xatırladım.

 

- Bu nəticə gözlənilən idimi?

- Əksinə, səs vermənin nəticələrini bir qədər gözlənilməz oldu. Çünki çoxları son bir il ərzində həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilmiş “Real”ın forvardı Kriştianu Ronaldonun “Golden Foot” mükafatını da qazanacağını gözləyirdi. Amma portuqaliyalı ulduz ikinci dəfə namizədlər arasında yer alsa da, bu dəfə də uğursuzluğa düçar oldu. Həmçinin 5-ci dəfə namizəd olan fransalı Tyerri Anri, ardıcıl 3-cü dəfə mükafata iddia edən italiyalı Andrea Pirlonun yenə qalib ola bilməmələri, sorğunun ilk mərhələsində 30 namizəddən fransalı Frank Riberinin daha çox səstoplaması da maraqlı faktlardandır.

 

0