Qurban Qurbanov: Heç kimi qəhrəman saymıram
28.11.2014 - 12:25
Qurban Qurbanov: Heç kimi qəhrəman saymıram

“Qarabağ” Avropa Liqasında qrup mərhələsinin V turunda səfərdə “Sent-Etyen”lə 1:1 hesablı heç-heçə edib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Nəticə pis olmasa da, ağır oyun oldu. Bunu bilirdik. Rəqib son vaxtlar ən yaxşı oyununu keçirirdi. Bu gün müdafiəyə çox fikir verdik. Başqa seçimimiz yox idi. Bu görüşü artıq unutmaq lazımdı. “Sent-Etyen”ə də uğurlar arzulayıram. Bu komanda ilə oynamaq xoş idi. Xallarımızın üstünə xal gəldi. Digər rəqiblərimizin nəticələrinə baxsaq, bu, bizim üçün üstünlükdü. “İnter”lə bizi çətin oyun gözləyir. Hələ qrupda heç nə bəlli deyil.

- “Sent-Etyen”in kənardan hansı zəif cəhətlərini gördüz ki, komandanız bundan istifadə edə bilmədi?
- Zəif cəhəti demək olar görmədim. Bütün komanda əlindən gələni etdi.


- “Qarabağ”ın heyətində Vüqar Nadirovu, yoxsa İbrahim Şehiçi qəhrəman sayırsız?
- Heç kimi qəhrəman saymıram. Hər biri öz işini gördü. Komandada kimisə ayırmaq istəmirəm.


- Həmkarınız hakimdən narazı idi. Sizcə hakim sizə hansısa üstünlük verdimi?
- Mən heç vaxt hakimlərdən danışmıram. Nə razı qaldım, nə də narazı.
 

- “Qarabağ”ın heyətində olan zədəli futbolçuların son matça hazır olmaq şansı nə qədərdir?
- Onların durumu bir o qədər də yaxşı deyil. İnanmıram ki, “İnter”lə oyuna hazır olsunlar.

0