17:15 05-03-2020
news_image

Rüstəm Orucov: “O olmasaydı, indi Olimpiya və dünya çempionu idim” - MÜSAHİBƏ

Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucov Milli Olimpiya Komitəsinin sosial şəbəkəsi vasitəsilə azarkeşlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, Avropa çempionu, 2016-cı il Rio Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı karyerası, eləcə də şəxsi həyatı ilə bağlı maraqlı fikirlər səsləndirib.

73 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı cüdoçu karyerasını bitirməyi düşündüyü vaxtı da açıqlayıb.

- Hansı hadisə və ya bir söz sizi cüdodan uzaqlaşdıra bilər?
- Peşəkar idmandan yalnız ciddi zədə məni uzaqlaşdıra bilər. Hansısa sözə, təxribata görə cüdonu atmaram. Çünki bu idman növünü çox sevirəm.

- Karyeranızı bitirdikdən sonra baş məşqçi olmaq istəyirsinizmi?
- Hər bir yaxşı idmançı istəyər ki, topladığı təcrübəni başqaları ilə bölüşsün. Mən də bunu istəyirəm.

- Karyeranızı nə vaxt bitirməyi düşünürsünüz?
- Hələ ki, işimi davam etdirirəm. Məncə, 2022-ci ilə qədər güləşməyə davam edəcəyəm.

- Bu səviyyəyə qədər yüksələcəyinizi uşaqlıqda heç düşünürdünüz?
- Xeyr. Uşaq vaxt düşünmürdüm ki, nə vaxtsa Olimpiada finalçısı və ya Avropa çempionu olacağam. Amma 18 yaşdan sonra fərqli düşünməyə başlayırsan, qarşına məqsəd qoyursan. 

- Cüdonu seçməsəydiniz, hansı peşənin sahibi olardınız?
- Deyə bilmərəm ki, idmanı seçməsəydim, professor olardım. Bilmirəm, görünür qismətim belə imiş.

- İdmançıların qidalanması fərqli olur. Sizin gündəlik rejiminiz necədir?
- İstirahət günlərində sərbəst qidalanıram. Amma hansısa yarışa bir ay vaxt qalmışdan dietik yeməklərə başlayırıq. Hərdən “Mcdonalds”da “big-mac” yemək ürəyimdən keçir, o da həftədə bir dəfə olar. Amma çalışıram rejimlə qidalanım. İdmançı həyatı elədir ki, nə kökəlmək, nə də arıqlamaq olar, çəkini stabil saxlamalısan.

- Nə vaxt cüdoçu olmaq qərarına gəlmisiniz?
- Bu, öz istəyimlə olmayıb. Məni cüdoya atam yazdırıb. Bu idman növünü uşaqlıqdan sevmişəm. 8 yaşımdan başlamışam, artıq 20 ildir cüdo ilə məşğulam. Hələ də bezməmişəm, bu idman növünü sevirəm. Hər dəfə məşqə sevinərək gedirəm.

- Ən vacib hədəfinizlə aranızda məsafə yaradan maneə nədir?
- Yaponiyalı Şohey Onoya həm dünya çempionatının, həm də Yay Olimpiya Oyunlarının finalında məğlub olmuşam. Məncə, o olmasaydı, indi həm Olimpiya, həm də dünya çempionu idim. İnanıram ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında yenə üz-üzə gələcəyik. Bu dəfə başqa cür olacaq.

- Qızınıza kifayət qədər vaxt ayıra bilirsiniz?
- Boş vaxt tapan kimi, qızımla keçirirəm. Bəzən həm dostlarım harasa çağırırlar, həm də uşaq deyir ki, gəzməyə gedək. Belə olanda dostlarıma deyirəm ki, bu gün gələ bilmərəm, işim var. Qızım hara getmək istəyir, ora da aparıram.

- Medallarınızı saymısınız?
- Uşaq vaxtı sayırdım. Amma son vaxtlar buna çox da fikir vermirəm. Medallarım atamgildədir. Atam böyük bir stend düzəldib, medallar üçün bir otaq ayırıb. Hər dəfə medal qazananda atamın boynundan asıram, o da aparıb otağa qoyur. Böyük turnirlərdə təxminən 50-yə yaxın medalım olmalıdır.

- Reytinqdə uzun müddət birinci pillədə olmaq sizi bezdirmir?
- Əksinə. Reytinqdə məndən aşağıda olanların hamısı gənclərdir. Təkcə mən və yaponiyalı cüdoçu 1991-ci il təvəllüdlüyük. Bu səviyyədə qala bilirəmsə, deməli, canımda hələ nəsə var, davam eləmək olar.

- Söz verirsiniz ki, budəfəki Olimpiadada yaponiyalı cüdoçunu məğlub edəcəksiniz?
- Buna söz verə bilmərəm. Bir şeyə söz verirəmsə, həmişə yerinə yetirirəm. Bundan ötrü çalışacağam. Çünki arzum Olimpiya çempionu olmaqdır. Məqsədimə doğru gedirəm.

- Tokio-2020-nin finalında hansı idmançı ilə qarşılaşmaq istərdiniz?
- Desəm ki, Ono ilə görüşmək istəyirəm, yalan olar. Finaldakı rəqibin kimliyinin fərqi yoxdur. Əsas odur ki, yekun yaxşı alınsın.

- Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının finalında sanki bilərəkdən uduzdunuz. Həqiqətən də, belə idi?
- Xeyr. Kiməsə qələbəni nə hədiyyə edərəm, nə də sataram. Sadəcə, həmin görüşdə texniki səhvə yol verdim, Hidayət Heydərov da bundan istifadə elədi. Həmin gün onun günü idi.

- Əsl idmançı necə olmalıdır?
- Əsl idmançı sadə olmalı, öz gücünü başqa yerlərdə göstərməməlidir. Eyni zamanda öz peşəsinin tələblərini bilməlidir, nə qəlyan çəkməli, nə spirtli içki içməlidir. İdmançı rejimə əməl etməli, avaralıqdan uzaq durmalıdır.

- İmkanınız olsaydı, hansı yarışda yenidən iştirak etmək istərdiniz?
- Avropa Oyunlarının finalında. Çünki həmin görüşdə əsəbiləşdiyim üçün səhvə yol verdim və qızıl medal əldən getdi. İndi də şəkillərə baxanda pis oluram.

- Sizi təəccübləndirən ən qeyri-adi xəbər hansı olub?
- Ötən il reytinqdə birinci pillədə qalmışdım. Xəbər yayılmışdı ki, Rüstəm Orucov 70 min mükafat alır. Halbuki elə bir şey olmayıb. Düzdür, mükafat alırıq. Məsələn, Beynəlxalq Cüdo Federasiyası 10 min göndərmişdi. Daha 70 min yox da.

- “Greencard” udsanız, karyeranızı bitirib Amerikada yaşayarsınız?
- İnanmıram ki, başqa bir ölkədə yaşaya bilərəm. Rusiyada yaşamışam, başqa ölkələrdə olmuşam. Gəzməli yerlər çoxdur. Amma Azərbaycandan başqa ölkədə yaşaya bilmərəm.

- Bəs başqa ölkənin yığmasında çıxış edərsiniz?
- Xeyr. Mənə Olimpiadadan sonra o qədər təklif gəlmişdi. Birləşmiş Ərəb Əmirliklərindən təklif almışdım, yüksək məbləğdə maaş, böyük mükafat vəd edirdilər. Amma öz bayrağımı, dövlətimi atıb başqa yerdə çıxış etmərəm.