Ağayar Axundzadə: “Cüdoçular Pekin Olimpiadasına 80 faiz hazırdırlar”
10.07.2008 - 12:25
Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın baş məşqçisi Ağayar Axundzadənin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışı XXIX Pekin Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyıb. Baş məşqçi bildirib ki, Kislovodskda əsasən fiziki məşqlərə üstünlük verilib: “Yığma üzvlərində dözümlülüyü artırmağa çalışırdıq. Eyni zamanda, qismən də olsa, taktikaya diqqət yönəltmişdik”. Hazırda istirahətdə olan cüdoçular iyulun 16-da yenidən bir araya gələcəklər. Həmin gün Bakıda 10 günlük təlim-məşq toplanışı start götürəcək. Bu, Pekin Olimpiadası ərəfəsində ölkəmizdə keçiriləcək son toplanış olacaq. A.Axundzadə olimpiadaya hazırlıq proqramında dəyişiklik olunduğunu da söyləyib. Belə ki, cüdoçularımız Çin paytaxtına əvvəl nəzərdə tutulduğu kimi iyulun 30-da deyil, avqustun 5-də yollanacaqlar: “Dəyişikliyə olimpiya kəndində sparrinq-rəqib tapa bilməməyimiz səbəb oldu. Əgər iyulun 30-da Pekinə getsəydik, ətrafda təlim-məşq keçməyimizə imkan verilməyəcəkdi və yalınız olimpiya kəndində qalacaqdıq”. Milli komandamız iyulun 29-da Qazaxıstanın Almatı şəhərinə səfər edəcək. Burada bir həftə hazırlaşacaq həmyerlilərimiz Pekinə məhz Almatıdan gedəcəklər. Cüdoçuların qarşıdakı mötəbər yarışa ciddi hazırlaşdıqlarını vurğulayan A.Axundzadə yığmadakı vəziyyətdən razı qaldığını deyib: “Olimpiadaya hazırlıq səviyyəsi 80 faizə bərabərdir. Almatıda taktiki-texniki təmrinlər olacaq. İnanıram ki, tam hazırlıq üçün tələb olunan 20 faiz Qazaxıstanda yerinə yetiriləcək”.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkəmiz 6 cüdoçu – Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq) və Kifayət Qasımova (57 kq) ilə təmsil olunacaq.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkəmiz 6 cüdoçu – Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq) və Kifayət Qasımova (57 kq) ilə təmsil olunacaq.
0
0