Mariya Stadniki ağ yuyub, qara sərdilər
01.10.2009 - 14:42
Mariya Stadniki ağ yuyub, qara sərdilər
“Mariya Stadnikin kürəyini yerə vurub, qələbə qazanmağım üçün iki imkan oldu. İlk hissədə onunla mübarizədə fənd işlətdim və bir az da sıxsaydım, kürəyini yerə vuracaqdım. Ancaq Mariya son anda əlimdən qaçdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri dünya çempionatının bürünc mükafatına sahib çıxmış ukraynalı güləşçi Lyudmila Baluşko deyib.

Az öncə Danimarkanın Herninq şəhərində keçirilmiş mötəbər yarışın 1/4 finalında qadın yığmamızın lideri Mariya Stadniklə üz-üzə gələn Baluşko həmyerlisindən üstün ola bilmədi. Maraqlıdır ki, Həm Mariya, həm də Lyudmila Lvov şəhərindəndir. Baluşkonu məğlub etdikdən sonra daha iki görüşdə qalib gələn Stadnik dünya çempionu olmaqla, ölkəmizin adını ucaltdı. Mariya ilə həmin uğursuz görüşü unuda bilməyən Lyudmila qəzəblənsə də, bu, onu məğlub etməyə yetərli olmayıb: “Görüşün ikinci hissəsində həddən artıq qəzəbləndim. Bu, mənə ayıq hərəkət etməyə əngəl oldu. Hesab 2:2 olarkən, yenidən sevimli fəndimi atdım. Bununla görüşdə də olmasa, həmin hissədə qələbəyə bel bağlaya bilərdim. Ancaq fəndi işlədərkən, Stadnikin hörüyündən bərk dartdım və xırda saçları əlimdə qaldı. Bu zaman hakimin fiti çalındı. Gərək Mariyanı rahat buraxaydım. Ancaq onun saçından durmadan dartırdım. Hakim xalı mənə yox, rəqibimə verdi. Mənə verilən cərimə xalları Stadnikin hesabına yazıldı və nəticədə 2:4 hesabı ilə uduzdum”.

Stadniklə mübarizə aparmağın çətin olduğunu gizlətməyən Baluşko bunu fərqli üslubda güləşmələri ilə əsaslandırıb. Danimarkadakı turnirə qədər rəsmi yarışlarda 5 dəfə görüşən ukraynalı idmançıların mübarizəsində Lyudmila Mariyaya cəmi bir dəfə qalib gəlib, digər dördündə uduzub: “Ancaq bu, hələ son deyil. Mariya üslubunda güləşən qızlarla daha çox işləməliyəm. Mən ona heç də paxıllıq etmirəm. Nə qələbələrinə, nə də maddi qazancına. Mariya fəxri kürsüdə durduğu zaman ona ürəyim yandı. Öz şərəfinə Azərbaycanın himninə qulaq asmaq və yüksələn yad ölkənin bayrağına baxmaq... Mən belə qələbəni istəməzdim. Yaxşısı budur ki, üçüncü yerdə dayanım, ancaq öz ölkəmin bayrağı altında olum. Mənə elə pullar lazım deyil. Ukraynada qazandığım pul da mənə bəsdir”.

Qeyd edək ki, Stadnik 3 il öncə “milliləşərək” yığmamıza cəlb edildikdən sonra dünya və Avropa çempionu olub, həmçinin Pekin Olimpiadasında bürünc mükafat qazanıb.