Azərbaycanlı məşqçi Rusiya yığmasına dəvət edilib
13.05.2010 - 12:16
Azərbaycanlı məşqçi Rusiya yığmasına dəvət edilib
“Sayca 2-ci dəfə təşkil olunan dünya çempionatında Azərbaycan komandası yeni tarix yazdı. İlk yarışla müqayisədə bu dəfə iştirakçı ölkələrin və idmançıların sayı çox olsa da, yığmamız 1 qızıl, 4 gümüş və 4 bürünc medala sahib çıxdı. Bu qələbə münasibəti ilə Sankt-Peterburqda bizi təbrik etməyən adam qalmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında parataekvodo üzrə yığma komandamızın baş məşqçisi Əvəz Tağıyev bildirib. Onun sözlərinə görə, medalların əyarı daha yüksək ola bilərdi. Lakın final görüşlərində arxayınçılıq və özündən razılıq cəmi 1 qızıl medal qazanmağımızla nəticələnib.

“Fiziki cəhətdən zəif idmançılarla işləmək çox çətindir. Məşqlərdə demək olar ki, hər söz xətirlərinə dəyir. Amma rəqabət olan yerdə çox çalışqandırlar. Buna görə, onlarla gərək nəvazişlə işləyəsən. Lakin aralarında özlərindən razı olanları da var. Deyərdim ki, bunun üçün Sankt-Peterburqda 5 finaldan cəmi 1-də qalib gəldik. Məsələn, həlledici mərhələdə arxayınçılıq və ya “gümüş medal mənimdir” deyərək boşalanlar da oldu. Bakıda keçirilən yarışda dünya çempionu olan idmançımız isə üçüncü döyüşdə zədələndi və finalda zədəli döyüşdü. Bunun üçün titulunu əldən verdi” – deyə Tağıyev bildirib.

Dünyada kişilər arasında birinci olan komandamızın baş məşqçisinə Rusiyada təkliflər də edilib. Lakin Tağıyev onlarla razılaşmayıb: “İngiltərə və Rusiya yığmaları mənə baş məşqçi postunu təklif etdi. Təbii ki, mən onlara yox dedim. Çünki dünyanın birinci komandasının baş məşqçisinin başqa yığmaya getməsi düzgün deyil”.

Gələn il Koreyada keçiriləcək dünya çempionatında daha uğurlu çıxış etməyi planlaşdıran Tağıyev yığmada idmançıların sayının artacağını bildirib. O, Gəncədə və digər regionlarda perspektivli idmançıların olduğunu və komandaya cəlb ediləcəyini deyib.

Xatırladaq ki, I dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdu.