Taekvondoçumuz Avropa çempionu oldu
16.05.2010 - 00:48
Taekvondoçumuz Avropa çempionu oldu
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən taekvondo üzrə kişi və qadınlar arasında Avropa çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 1 bürünc medalla başa vurub.

Ölkəmizə yeganə qızıl medalı ən ağır – 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Təvəkkül Bayramov qazandırıb. Mayın 15-də mübarizəyə qoşulan 2007-ci il dünya çempionatının gümüş mükafatçısı əvvəlcə Ülvi Kayanı (Almaniya) məğlub edib – 7:4. ¼ finalda Bayramov Antreas Stilianunu (Kipr) məyus edib – 9:2. Bundan sonra Alexandros Nikolaidisə (Yunanıstan) 5:3 hesabı ilə qalib gələn taekvondoçumuz finalda Zəkəriyyə Asidahla (Danimarka) qarşılaşıb. Bu dəfə 13:5 hesabı ilə qələbə qazanan Təvəkkül Bayramov karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb.

Bu gün mübarizə aparan daha bir taekvonduçumuz Ramin Əzizov (87 kq) ilk görüşündə Ermənistan təmsilçisi Aram Sahakyanı minimal hesabla yensə də, 1/8 finalda rusiyalı İvan Nikitinə 3:4 hesabı ilə uduzaraq, medalsız qalıb.

Qeyd edək ki, ölkəmizin aktivinə digər medalı mayın 14-də Elvin Əliyev yazdırıb. 74 kq çəkidə yarışan Əliyev bürünc medal qazanıb. Beləliklə, bu nəticə ilə ölkəmiz ümumi komanda hesabında kişilərin mübarizəsində Almaniya ilə birgə 3-4-cü yerləri, həm kişi, həm də qadın yığmalarının göstərdikləri nəticələrin cəmində isə İsrail və İtaliya ilə birgə 8 – 10-cu yerləri bölüşdürüb. İlk 7 pilləyə Türkiyə (3 qızıl, 2 gümüş, 1 bürünc), Fransa (2 qızıl, 3 gümüş, 4 bürünc), İspaniya (2 qızıl, 2 gümüş, 2 bürünc), Rusiya (2 qızıl, 1 gümüş, 4 bürünc), Böyük Britaniya (2 qızıl, 2 bürünc). Xorvatiya (1 qızıl, 1 gümüş, 1 bürünc) və Almaniya (1 qızıl, 4 bürünc) layiq görülüb.