Xalidu Sissokonun rekordu CAR-da təkrarlandı
27.06.2010 - 12:14
Xalidu Sissokonun rekordu CAR-da təkrarlandı
Dünya çempionatının 1/8 final mərhələsində ABŞ yığmasını məğlub edən Qana millisi Afrika futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “Qara ulduzlar” mundialın 1/4 finalına yüksəlməyi bacaran 3-cü Afrika təmsilçisi olublar. İndiyədək yalnız Kamerun və Seneqal milliləri “Qara qitə” üçün ən böyük nailiyyət sayılan 1/4 final mərhələsinə yüksəlmişdilər.

Afrika tarixinə birinci kimi düşən kamerunlular 20 il əvvəl buna nail olmuşdular. 1990-cı ildə İtaliya stadionlarını şoka salan Roje Milla və həmyerliləri 1/8 finalda Kolumbiyanı keçməklə (2:1) qitə rekordunu rəsmiləşdirmişdilər. Onların yarımfinala yolunu isə İngiltərə yığması bağlaya bilmişdi – 2:3. Həmin vaxt hər iki qarşılaşmanın taleyi əlavə vaxtda həll olunmuşdu.

“Qara qitə” təmsilçiləri növbəti belə uğuru düz 12 il gözləməli oldu. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada təşkil olunan mundialda Seneqal yığması 1/4 final həyəcanı yaşadı. Pley-offun ilk oyununda İsveçə 2:1 hesabı ilə qalib gələn afrikalıları bu dəfə Türkiyə millisi dayandırdı – 1:0.

Maraqlıdır ki, bu dəfə də “qara qitə” təmsilçisi pley-offdakı hər iki matçının taleyi əlavə vaxtda həll olundu. Qananın indi də əlavə vaxtdan sonra 1/4 finala çıxdığını da nəzərə alsaq, ənənə hələ də davam edir. Seneqalın 8 il əvvəlki uğuruna gəlincə, həmin mundialda komandanın 22 nömrəli formasını daşıyan Xalidu Sissoko bizə çox yaxşı tanışdır. 2004-cü ildən ölkəmizdə olan qapıçı “Bakı” klubunda iki dəfə Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub.