Ağayar Axundzadə: Belə sual olar!? - MÜSAHİBƏ
29.07.2012 - 12:56
Ağayar Axundzadə: Belə sual olar!? - MÜSAHİBƏ
XXX Yay Olimpiya Oyunları çərçivəsində dünən Londondakı “Dorçester” otelində “Azərbaycan günü” keçirildi. Tədbir zamanı apasport.az saytının Böyük Britaniya paytaxtına ezam olunan əməkdaşı cüdo üzrə millimizin baş məşqçisi Ağayar Axundzadə ilə söhbətləşib. Təcrübəli mütəxəssis yığmamızın üzvü İlqar Müşkiyevin ilk cəhdindəcə erməni Ovanes Davtyana uduzmasına aydınlıq gətirib.

- Olimpiadada cüdo yarışlarının birinci günü başa çatdı. Artıq 1 idmançımız – İlqar Müşkiyev Vətənə əliboş qayıdacaq...
- İlqarın məğlubiyyəti çoxlarını təəccübləndirir. Bakıdan çox zənglər olub. Deyirlər ki, məğlubiyyətə açıqlama verin, İlqar niyə uduzdu. Hər şeyi başa düşürəm. “Niyə uduzdu” sualını mən özümə daha çox verirəm. Uduzmağın mənə aydın olmayan səbəblərini axtarıram. Axtarıram, axtarıram, axtarıram... Özüm-özümə cavab verirəm. Yenə sual qapanmır. Rəqib güclü idi, solaxaydır. Onunla qarşılaşmanın öz çətinlikləri var. Cüdoda vacib elementlərdən biri yapışmadır. Sağ ələ qarşı reaksiya illərlə formalaşır. Elə bil avtomatlaşır. İdmançının bütün bədəni, əlləri, ayaqlar, çiyni, boynu rəqibin hər bir hərəkətinə cavab verir. O istədiyi yerdən yapışmağa çalışır, sən imkan vermirsən. İllərlə qazandığın bəzi bacarıqlar solaxayla qarşılaşmada sənə mane ola bilər. Necə başa salım? Elə bil rəqibinə kömək edirsən, sola meyllənirsən, bədənini rəqibin sağ əlindən uzaqlaşdırıb, sol əlinə yaxınlaşdırırsan, ona yaxşı imkan yaradırsan. Sən sağ ələ köklənirsən, unudursan ki, o, solla işləyəcək. İlqar 5 dəqiqə ərzində bunu unutmalı deyildi. Biz taktiki baxımdan onu hazırlamışdıq. 5 dəqiqə heç-heçə oldu. Üstəlik, İlqarın üstünlüyü də vardı. Əlavə vaxtda qorxduğumuz baş verdi… Ümumiyyətlə, İlqarda qeyri-sabitlik var. O, sabit döyüşmür. Londona hazırlıq zamanı bu çatışmazlığı aradan qaldırmaq üçün işləmişdik. Ancaq hər çatışmazlığı tez aradan qaldırmaq mümkün deyil. Xüsusən psixoloji səciyyə daşıyan vərdişləri tərgitmək çətindir. Bu fənd deyil ki, dəfələrlə göstərəsən, təkrar etdirəsən…

- Müşkiyev tatamiyə çıxmazdan öncə deyib ki, indiyədək Davtyanla qarşılaşmasa da, onun üslubunu yaxşı bilir. Texniki cəhətdən güclüdür, şansını əldən verməyəcək...
- Harda yazıblar?

- Burada, jurnalistlər üçün xüsusi “London2012 info” var. Orada yazılıb. Hələ ilk görüşdəcə Davtyana uduzan alman cüdoçunun yarış qabağı dedikləri də yazılıb. O, rəqibin solaxay olmasını, qarşılaşmanın çətinliyini qeyd edib.
- Yarış qabağı bizimkilər bir yana, buradakı jurnalistlər də tatamiyə çıxana sual verirlər. Adətən bir sual olur: Rəqibin və qarşılaşma haqqında nə deyə bilərsən? Cavab verə də bilərsən, verməyə də. Yoxsa rəqibin ermənidir, nə etmək istəyirsən? Belə sual olar!? Nə istəyir? Udmaq, udmaq istəyir. Udmağa gedir. Uda biləcək, bilməyəcək, bu başqa məsələdir. Bəlkə ikinci bununla düşsəydi, hər şey başqa cür olardı.

- Ancaq İlqar Davtyanla doğrudan da ilk dəfə idi üz-üzə qarşılaşırdı...
- Yox, qarşılaşıblar. Amma rəsmi yox, məşq kimi. Rəqib zəif deyildi. Ancaq İlqar ondan güclü idi. Bu rəqibini keçsəydi, medal qazanmaq şansı artacaqdı. Ondan medal gözləyirdik. Cavandır. Ancaq olimpiada da 4 ildən bir dəfə olur axı. 4 ili bada verdi. İnanıram ki, gələcək olimpiadanı udar. Gərək, ruhdan salmasınlar. İlqar yaxşı cüdoçudur.

- Deyirsiniz, udanı da, uduzanı da tərifləsinlər?
- Uduzan tərif istəmir. Düzü düz, əyrini əyri yazsınlar.

- Yarışlar təzə başlanıb. Bu məğlubiyyət digər cüdoçuları ruhdan salmayıb ki?
- İlqarın uduzmağı hamıya təsir edib, ən çoxsa onun özünə. Mən “ruhdan düşmək” ifadəsini qəbul etmirəm. Hər qarşılaşma bir dərsdir. Ruhdan düşmək bəhanəsindən yapışmaq yox, dərs alıb, ciddi mübarizə aparmaq lazımdır. İdmançı qələbə üçün yarışmalıdır. Məğlub olan başqası, tatamiyə çıxan başqası.

- Sabah daha bir cüdoçumuz tatamiyə çıxır (söhbət dünən olub -red). Tərlan Kərimov rusiyalı Musa Moquşkovla qarşılaşacaq...
- Jurnalistlə Musanı məndən pis tanımır. Amma Tərlanı ondan da yaxşı tanıyırlar. Çünki Tərlan bizimkidir. Tatamiyə qələbə üçün çıxmaq lazımdır. Çətin, zəif rəqib yoxdur. Bir də ki, medal almaq istəyirsənsə, gec-tez güclü ilə qarşılaşmalısan. Medal istəyirsənsə, udmalısan. Kimsə səni arxasınca sürüməli deyil ki?
0