Kostovanın medalı qazanmasına 2 kq çatmadı
30.07.2012 - 20:19
Kostovanın medalı qazanmasına 2 kq çatmadı
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) London Olimpiadasında A qrupunda yarışıb. Apasport.az saytının məlumatına görə, bolqar əsilli atletimizin mübarizə apardığı qrupun üzvləri podiuma Bakı vaxtı ilə saat 19:30-dan çıxmağa başlayıblar.

19 yaşlı idmançımız öncə birdən qaldırma yarışlarına qatılıb. Avropa çempionumuz müvafiq olaraq, sifariş etdiyi 100, 103 və 105 kq çəkini başı üzərinə qaldırmaqda çətinlik çəkməyib. O, hər 3 cəhdini uğurla yerinə yetirərək bu hərəkətin yekununda 19 atlet arasında 3-cü nəticəni göstərib.

Təkanla qaldırma isə həmyerlimiz üçün yaxşı başlamayıb. O, ilk sifariş verdiyi 124 kq çəkinin öhdəsindən gələ bilməyib. Lakin ikinci cəhdində həmin çəkini ram etməyi bacarıb. Kostova 3-cü yanaşmasında 128 kq-ı çəkini də qaldırıb və 2 hərəkətin cəmində yarışı 233 kq nəticə ilə bitirib.

Lakin rəqiblərinin çıxışını davam etdirməsi təmsilçimizin işinə yaramayıb. O çıxışını bitirdikdə 1-ci yerdə olsa da sonra Boyankanı 4 rəqibi qabaqlayıb və Kostova Olimpiadanı 5-ci pillədə bitirib. Milliləşdirilmiş legionerimizi bürünc medaldan isə cəmi 2 kq ayırıb.

Yarışın çempionu çinli Xueyinq Li olub. O, 2 hərəkətin cəmində 246 kq (108 kq + 138 kq) çəkinin öhdəsindən gəlməklə, 2 Olimpiya rekordu da qırıb. İkinci yeri Pimsiri Sirikayev (Tailand, 100 kq + 136 = 236 kq), üçüncü pilləni Yuliya Kalina (Ukrayna, 106 kq + 129 kq = 235 kq) tutub.

Qeyd edək ki, Kostova 2009-cu ildə yeniyetmələr arasında dünya çempionu (Tailand), 2010-cu ildə Avropa çempionatının gümüş mükafatçısı (Belarus), həmin ildə Yeniyetmələrin ilk Olimpiya Oyunlarının qalibi (Sinqapur), 2012-ci ildə Avropa çempionu (Türkiyə) və 2011-ci ildə Azərbaycan çempionu adına yiyələnib.
0