Cəbrayıl Həsənovun "qənimi" Həbib Nurməhəmmədovu görüşə çağırdı
27.09.2019 - 10:53
Cəbrayıl Həsənovun "qənimi" Həbib Nurməhəmmədovu görüşə çağırdı

Sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk qeyri-adi istəklə diqqət mərkəzinə düşüb. 

APA-nın məlumatına görə, 79 kq çəkidə çıxış edən ABŞ idmançısı MMA üzrə UFC-nin çempionu Həbib Nurməhəmmədovu görüşə çağırıb. 

Sentyabrın 22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatının finalında, bir il öncə isə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan güləşçisi Cəbrayıl Həsənovu məğlub edən K. Deyk rusiyalı döyüşçü ilə sərbəst güləş qaydaları ilə üz-üzə gəlmək istəyindədir. H. Nurməhəmmədovun ən güclü cəhətinin parterdə güləş olduğunu bilən K. Deyk ona mesaj da göndərib: “Əgər Həbib xalçada mübarizə aparmaq istəyirsə, mən tam razıyam. Eşitdin, Həbib Nurməhəmmədov? Gəl!”.

28 yaşlı güləşçi yaxın zamanda MMA-ya keçmək istəmədiyini də qeyd edib. Çünki o, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusundadır: “Hədəfim qızıldır”. 

Qeyd edək ki, K. Deykin mübarizə apardığı 79 kq çəki dərəcəsi qeyri-olimpiya çəkisi olduğu üçün lisenziya qazanmaq istəyini Qazaxıstanda reallaşdıra bilməyib. O, qarşıdakı yarışlarda başqa çəki dərəcəsində qüvvəsini sınamaq niyyətindədir. 

0
Kayl Deyk güləş Həbib Nurməhəmmədov