Canni de Byazi: “Külək istiqamətini tez dəyişir"
12.06.2022 - 20:32
Canni de Byazi: “Külək istiqamətini tez dəyişir"

Millətlər Liqasının 4-cü turunun Azərbaycan – Belarus matçından öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

“Komanda olaraq Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da yaxşı oynadıq. Ən azından bir xal yığa bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarusu udmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Son matçda da Slovakiyaya qarşı sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda maksimum xalı toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindir. Qazaxıstanla oyunda imkanlarımız var idi, amma iki qol buraxdıq uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü oyunumuzu oynayacağıq. Rəqiblərimiz də vəziyyət belədir. Sabahkı oyunda var gücümüzü qoyacağıq ki, qalib gələk.

- Qısa müddətdə nəyi dəyişə bilmisiniz?
- Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qalib gələ bilmədik. Son görüşdə daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdır. Meydanda sona qədər vuruşmalıdır, komanda yoldaşlarına dəstək olmalıdır. Özümüz özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşub.

- Maksim Medvedevin durumu hansı yerdədir?
- Hələ ki, bilmirəm. Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə onda baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, bizimlə olsun sabah. Çünki Maksim vacib oyunçudur, komandaya çox köməyi dəyə bilər.

- Heyətdə dəyişikliklər etməyi düşünürsüz?
- Sabah səhər qərar verəcəyik. İlk növbədə, görək futbolçular necə bərpa olub. Sıx qrafikimiz var idi. Sabah axşam fiziki baxımda futbolçular hazır olmalıdır ki, 95 dəqiqə oynaya bilsinlər.
 

1