Emin İmaməliyev: "Qarabağ" Razqradda qalib gələcək"
08.08.2024 - 21:52
Emin İmaməliyev: "Qarabağ" Razqradda qalib gələcək"

"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Apasport.az saytına açıqlama verib. Ağdam klubunun keçmiş üzvü Azərbaycan çempionunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ludoqorets"ə qarşı ilk oyundakı məğlubiyyətini şərh edib. Onun fikrincə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfər matçından uğurlu nəticə ilə qayıda biləcək gücə malikdir:

"Qarabağ" matça yaxşı başlamışdı. "Ludoqorets" də asan rəqib deyil, dəfələrlə Bolqarıstan çempionu olub. Onlar da "Qarabağ" kimi illərdir ki, avrokuboklarda qruplarda oynayırlar. "Qarabağ" yaxşı başlamışdı, sadəcə qol imkanlarından istifadə edə bilmədilər. Bu oyunda idman xoşbəxtliyi təmsilçimizdən üz döndərmişdi. "Ludoqorets" ilk hissədə daha çox kobud oyunla yadda qalırdı. Baş hakimin də "Ludoqorets"ə simpatiyası olduğu kənardan görünürdü. Marko Yankoviç, Juninyonu dəfələrlə vurdular. Amma hakim nə cərimə zərbəsi təyin etdi, nə də kart göstərdi. Bakıdakı məğlubiyyətə baxmayaraq, "Qarabağ"ın Razqradda qalib gələrək pley-off mərhələsinə adlayacağına inanıram.

Məncə, "Qarabağ" Bolqarıstanda daha yaxşı oynayacaq. İstər-istəməz rəqibi daha yaxından təhlil edib, güclü və zəif tərəflərini bilirlər. İkinci oyunda özlərinə sərf edəcək nəticəni əldə edəcəyinə inanıram. Cavab matçında "Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, növbəti mərhələyə komandamız çıxacaq. Onlar bunu edə biləcəyini hər zaman göstərib".

0