"İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama
01.04.2024 - 14:19
"İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama

Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan paracüdoçuları - Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova və Kənan Abdullaxanlının Türkiyənin Antalya şəhərindəki Qran-Priyə buraxılmamaları ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə apasport.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib. 

Bildirilib ki, paracüdoçularımız - Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova ilə Kənan Abdullaxanlı bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar:

"Antalyadakı yarışdan əvvəl adı çəkilən idmançılarımıza ilkin tibbi təsnifat zamanı "CNC" (Classification not confirmed, yəni təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub. Paracüdoçularımız üçün "NE" (non eligible, yəni uyğun gəlməyən) statusu müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub. Tələb olunan sənəd Bakıda aradan qaldırılaraq yenidən sistemə yüklənəcək.

Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb.

"Tokio-2020" Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.

Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb. Paracüdoçularımız Paris Paralimpiyadasına hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.

Paralimpiya komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik.

Mətbuat nümayəndələrindən bu cür xəbərlərin yayılmasından əvvəl komitənin mövqeyini öyrənmələrini xahiş edirik".

0