"Neftçi" azarkeşləri üçün pulsuz elektrokardioqramma - Təklif
19.02.2024 - 12:07
"Neftçi" azarkeşləri üçün pulsuz elektrokardioqramma - Təklif

Ölkəmiz adına danışıram, fürsət ayağımıza gəlib. Dünya idman tarixinə keçə bilərik. Düzdür, praktikada azarkeşlərə klub tərəfindən edilən jestlərlə daha əvvəl rastlaşmışıq. Almaniyada, İngiltərədə nümunələri olub. Uzaq səfər matçında sürpriz məğlubiyyət alan, ardıcıl 3 xal üzünə həsrət qalan adlı-sanlı klublar bəzən fanatlarının xəcalətindən çıxmaq istəyir. Məsələn, xeyli yol qət edərək pul xərcləyib, oyuna gəlib, komandasının məğlubiyyətinə kədərlənən, əsəbiləşən azarkeşlərə klub rəhbərliyi birtəhər özünü əfv etdirmək istəyir. Gah onlara aldıqları bilet pullarını qaytarırlar, gah da bütün yol xərclərini qarşılayırlar. Hətta daimi fanatlarının evlərinə təsəlli hədiyyəsi göndərən klublar da olub. 

Bəli, mövzumuz yenə "Neftçi"dir, amma bu dəfə dərsimiz səbir deyil, fürsətdir, daha doğrusu sağlamlıqdır. Dediyim kimi, tarixə keçmək şansı ayağımıza gəlib. Hazırsınızsa, açıqlayıram. Nəinki futbol, dünya idman tarixində ilk dəfə olaraq azarkeşlərini pulsuz ürək müayinəsinə göndərən klub Azərbaycan təmsilçisi ola bilər! Düz eşitdiniz, ürək müayinəsi, özü də pulsuz!

Təklifimin məntiqini az-çox tutdunuz, amma yenə də mövzudan bixəbər olanlar üçün kiçik icmal verim. Qələbə sevincini onsuz da ildə, ayda bir dəfə yaşayan "Neftçi" azarkeşləri dərd üstündən zülm çəkirlər. Bu dəfə də adamlar sevimli komandaları qalib gələndə, nə bilim, kubokda tur keçəndə sevinə bilmirlər. Çünki onlar qalibiyyətlə bitən hər matçın ən azı son 15 dəqiqəsində 15 dənə siqaret çəkirlər. Çünki gənc və istedadlı qapıçıları Rza Cəfərov (həqiqətən super qapıçıdır) komandası 1:0 önə keçən kimi hələ ilk hissədən başlayır "vaxt öldürməyə". 

Son dəqiqələr isə lap biabırçılıqdır. Elə bilirsən, 2-ci liqaya düşmə təhlükəsi olan komanda liderdən xal alır, onu qorumağa çalışır. Xarici futbola baxırsınız da. Hardasa "Real Madrid"lə son dəqiqələrə 2:2-lik bərabərliklə girən "Qranada" oyunçuları kimi. Əşi, Rza neyləsin, uşağı qınamalı da deyil. Komanda ayda bir dəfə 3 xala yaxın olur, onda da topu oyuna tez daxil etməyəcək ki... Allah göstərməsin, birdən "Neftçi" 2-ci, 3-cü qolu vurar, ağzımız əyilər. Day o qədər də yox, 3 qol da vurublar, bəli. Lakin həyatın acı ironiyası: kubokun ilk matçında birinci hissədə "Sumqayıt"a 3 qol, amma son 15 dəqiqə yenə eyni stress, ürək dərmanları. Cavab oyunu ümumiyyətlə rəzalət. Heç-heçəyə turu keçən əzəmətli "Neftçi"nin son dəqiqələrdə vaxt uzatması... Büdcəsindən 10 qat aşağı büdcəsi olan komandaya qarşı oyunda qapıçısına "yat yerə" demək... 

Nə isə, yoldaşlar, hal-qəziyyə belədir ki, bu gedişata şahidlik edən fanatlar arasında ürək ağrısı ilə bağlı şikayət edənlərin sayı getdikcə artmaqdadır. Klubun sosial şəbəkələrdəki paylaşımlarına gələn şərhlər əsasən bu yöndə olur:

"Hamımızı ÜRƏK xəstəsi etmisiniz"

"Rəqibin son dəqiqədəki epizodunda ÜRƏYİM düşmüşdü" 

"Komandanın bu halına ÜRƏYİM ağrıyır" 

"ÜRƏYİM dözmədi, kanalı dəyişdim".

Bu şərhlərin fonunda ağlıma inanılmaz bir ideya gəlib. "Top Səndə" layihəsini filan da kölgədə qoyacaq. 

Bildiyiniz kimi, futbol tariximizin qoca çinarı, gözümüzün ağı-qarası olan "Neftçi"mizin sponsorları arasında xəstəxana da var. Dostlar, gün birlik günüdür, gün əməkdaşlıq, aləmə səs salmaq günüdür! Mən klubun və adını çəkdiyimiz üçün narahatlıq hissi keçirən xəstəxananın qapılarını bundan daha dəyərli təkliflə döyə bilmərəm. Təsəvvür edin, dünya mediasına çıxırıq, türk, ingilis, rus, hətta erməni. Hamı bizdən danışır:


"Azerbaycan takımından inanılmaz karar: Taraftarlara bedava kardiyografi" 

"Incredible and historical decision from the Azerbaijani club - Free treatment..." 

"Историческое решение в Нефтяник Баку" 

Ermənicə bilmirəm. 

Nə deyirsiniz? Dünyada ilkə imza ataq? İlklər alın yazımız idi axı, himndə demişdiniz...

2