“Səbail”in müdafiəçisi: "Həmin epizodda penalti veriləcəksə, VAR nəyə lazım idi?" - Müsahibə
23.01.2024 - 14:58
“Səbail”in müdafiəçisi: "Həmin epizodda penalti veriləcəksə, VAR nəyə lazım idi?" - Müsahibə

“Səbail”in müdafiəçisi Adil Nağıyev Apasport.az saytına müsahibə verib. 

- "Zirə" ilə matçda 0:0 hesabı ilə bərabərə qaldınız. Həmin görüşü necə dəyərləndirirsən? İstənilən nəticə idi qazandınız?
- "Zirə" yaxşı və iddialı komandadır. Öz meydançamızda onlara qalib gəlmək istəyirdik. Ancaq ümumi duruma baxsaq, hər iki tərəfdə bir xal qazandıq. Çünki hava çox küləkli idi. Hər halda, meydanı xalla başa vurduq.

- Səncə, "Zirə" ilə görüşdə qələbə qazanmağınıza mane olan nə idi, rəqib yoxsa, hava şəraiti?
- Hava, həqiqətən də, oyuna təsir edirdi. Çünki şiddətli külək var idi. Bu da istədiyimiz kimi oynamağa imkan vermirdi. Ancaq növbəti oyunlarda daha yaxşı formada olacağıq. Ona görə ki, yaxşı komandamız var. Üstəlik, fasilədən sonra ilk oyuna çıxmışdıq.

- Bu matçın ən diqqətçəkən məqamı sənin də iştirakı olduğun mümkün penalti qərarı idi. Həmin anı necə şərh edərdin? Rüstəm Əhmədzadə səncə, özünü yerə atdı, yoxsa zərbə vurmuşdun?
- Baş hakim VAR-a getdi və həmin epizodda penalti olub-olmadığına dəqiq baxdı. Yaxın məsafə idi. Mən onu vurmadım, əksinə Rüstəm açıq ayaqla mənə təmas etdi. Buna görə də baş hakim rəqibin qapısı tərəfə cərimə zərbəsi təyin etdi. 

- Baş hakim VAR-a gedəndə nə fikirləşirdin? Gəlib penalti verəcək? Yəni ehtimal edirdin ki, penalti qərarı verməyəcək?
- Xeyr, baş hakim VAR-a gedəndə əksinə, rahat idim. Çünki penalti olmayacağını bilirdim. Əgər həmin epizodda penalti veriləcəksə, daha VAR sistemi nəyə lazım idi? 

- Komandanın kapitanı olsan da, az-az oynayırsan. Rəqabəti udmaqda çətinlik çəkirsən?
- Rəqabət aparmaq futbolçunun inkişafı üçün çox xeyirdir. Sadəcə zədələr məni bir az geri saldı. Onun üçün formamı gec bərpa etdim. Şükürlər olsun ki, indi baş məşqçimiz mənə güvənir. Komanda üçün meydançada ən yaxşısını etməyə çalışacam. 

- "Səbail"in növbəti turdakı rəqibi "Turan Tovuz"dur. Hansı ki, artıq aşağı pillələrə düşüblər. Səncə, onları səfərdə məğlub edə biləcəksiz? Çempionatın birinci hissəsində onları məğlub edə bilmişdiz...
- "Turan Tovuz" çempionatımızın ən təhlükəli komandalarından biridir. Onlar öz meydançasında yaxşı çıxış edirlər. Özü də, onların böyük azarkeş ordusu var. Biz Tovuza qələbə ardınca gedəcəyik. Lakin çətin və ağır oyun olacağını da yaxşı bilirik. Çalışacağıq ki, istədiyimiz nəticəni qazanaq.

- "Səbail" artıq beşinci pilləyə düşdü. Necə düşünürsən, mövsümü dördlükdə başa vurmaq nə dərəcədə realdır?
- Bizim komandanın potensialı böyükdür. Bizi ikinci pillədən bir qələbə ayırır. İddialı yerlərdəyik. İstəyirik ki, mövsümü yuxarı pillələrdə bitirək. Bunu bacara da bilərik. Biz oyunumuzla göstərmişik ki, bunu bacaracaq gücdəyik. Növbəti oyunalrda daha çox qələbə qazanıb, daha da yuxarı yerlərə qalxacağıq.

0