
“Bütün heyətlə qürur duyuram”.
Apasport.az xəbər verir ki, bunu "Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.
O, Azərbaycan Basketbol Liqasının XX turunda “Lənkəran” üzərində qazandıqları 107:78 hesablı qələbəni şərh edib: "İlk hissəni çox pis oynadıq. Amma 2-ci yarıda strategiyamızı dəyişdirdik və asan qələbə qazandıq. Əla nəticəyə çatdıq. "Şəki" üçün mövsümün əvvəlindən qoyduğumuz hədəf tamamlandı. Amma bu o demək deyil ki, mövsüm bitdi. Bundan sonra xəyallarımızın arxasınca düşəcəyik. Bunun üçün də sonadək mübarizə aparacağıq. Həqiqətən əla mövsüm keçirdik. Heç vaxt qoyduğumuz hədəfə çatmaqdan vaz keçmədik. Zədəlilərimiz oldu, çətin oyun təqvimi ilə üzləşdik. Sonadək döyüşdük və layiq olduğumuzu aldıq”.
B qrupundan birbaşa pley-offa yüksələn türkiyəli mütəxəssis bildirib ki, mövsümün əvvəlində onlar çox şanslı sayılmırdı: “Amma biz pley-offa çıxacağımıza inanırdıq. Bu tamamilə oyunçuların əsəri və uğurudur. Bütün oyunçulara və heyətə təşəkkür edirəm. Dediyim kimi, hədəfimizə çatdıq, amma xəyallarımız üçün mübarizə aparmağa davam edəcəyik".
Qeyd edək ki, şimal təmsilçisi B qrupundan 36 xalla müntəzəm mövsümü lider kimi bitirib.