Legioner siyasətimiz və ya itirilmiş zamanın axtarışında
13.08.2024 - 14:13
Legioner siyasətimiz və ya itirilmiş zamanın axtarışında

Fransanın paytaxtında Yay Olimpiya Oyunlarına yekun vuruldu. Yarışlar boyu idmançılarımızın çıxışlarını həyəcanla izlədik, dəstək olduq. Hansı millətdən, hansı dinə etiqad etməsindən asılı olmayaraq... İndi isə hesabat vaxtıdır. İtirilmiş gələcəyin hesabatı...

Azərbaycan komandası Olimpiadanı 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdu. Mənfiləri vurğulamazdan əvvəl mütləq qeyd etmək lazımdır ki, yarışlar sayəsində gözəl xatirələrə də yiyələndik. Məsələn, ilk dəfə bir azərbaycanlı qadın idmançı kamandan oxatma üzrə ölkəmizi təmsil etdi. Yaylagül Ramazanova layiqli mübarizəsi ilə könlümüzü fəth elədi. İlk dəfə bir komanda yarışında təmsil olunduq. Burada da xanımlar ön planda idi. Cüdo üzrə milli komandamız ilk dəfə aktivinə iki qızıl medal yazdırdı. Taekvondoda bizi cəmi 1 idmançı təmsil edirdi ki, o da möhtəşəm mübarizəsi ilə Olimpiadadan medalsız qayıtmadı.

Digər idman növlərində isə hər hansı medal gözləntimiz yox idi. Halbuki, bu növlərin çoxunda bizi legionerlər təmsil edir. Hansı ki, onların çoxu uğursuzluqla üzləşdi, komandamıza hər hansı nəticə qazandıra bilmədi. Əvəzində isə boks yarışlarında gümüş medal qazanmasına baxmayaraq, finaldakı istəksizliyi ilə çoxsaylı tənqidlərə məruz qalmış Loren Alfonso Dominqes öz reaksiyası ilə Azərbaycan azarkeşini reallıqla üz-üzə qoydu. Alfonsonun dediklərində həqiqət var idi: “Axı sənin öz qanından olan idmançılar hansı nəticəni göstərib ki, sən məni bu şəkildə tənqid edirsən? Mən sənin ölkəni səndən çox təmsil etmişəm, bayrağını yüksəklərə qaldırmışam”. 


Kuba əsilli boksçunu bu fikirlərinə görə qınamaq olarmı? Axı bizim 5 boksçumuz Olimpiya lisenziyası qazanmışdı. Onlardan yalnız kuba əsilli Alfonso nəticə göstərməyi bacardı. Uğursuzluğun bir neçə səbəbi ola bilər: zəif hazırlıq, məşqçi işinin aşağı səviyyədə olması, təcrübəsizlik və yerli yarışların peşəkar idmançı yetişdirmək iqtidarında olmaması. Müqayisə üçün Özbəkistana qısa səfər etmək yerinə düşər. Özbək boskçuların qısa müddətdə nəticə vermələrinin başlıca səbəbi yerli federasiyanın apardığı islahatlardır. Məhz düzgün aparılan işlərin nəticəsində boksda özbək hegemoniyası başladı. Federasiya işə əfsanəvi Marat Kurbanovu millinin başına gətirməklə başladı. Onun köməkçiləri sırasında Olimpiya Oyunlarında uğur qazanmış keçmiş boksçular da var idi. Kurbanov yerli gənclərə daha çox şans verməyə başladı. Komandanın mental və fiziki hazırlıqlarını yüksək səviyyədə təşkil etdi. Bu istiqamətdə aparılan işlərdə texnoloji yeniliklərdən də lazımı səviyyədə yararlandılar. Özbəkistan Kuba millisi ilə birgə hazırlaşmağa başladı. Bu yerdə fərqi rahatlıqla görmək olar. Biz Kubadan idmançı gətiririksə, onlar öz idmançılarını peşəkar kubalılarla birgə hazırlayırlar. Özbəkistanda boksla bağlı uğurlar media tərəfindən də geniş işıqlandırılır. Bu, boksun ölkədə daha da populyarlaşmasına səbəb olub. İctimaiyyətin boksa bağlı marağı xeyli artıb. Bu, yerli yarışların və turnirlərin təşkili, həmçinin beynəlxalq tədbirlərdə iştirak edən özbək idmançılarının dəstəklənməsi üçün vacibdir. Bütün bunlar dövlətin qayğısından daha çox, federasiyanın öz işini vicdanla görməsinin nəticəsidir.

Burada başqa bir nüans da diqqət çəkir. Loren Alfonso Dominqes həddindən artıq aqressiya nümayiş etdirdi ki, bu da onun haqlı olduğu məqamların kölgədə qalmasına səbəb oldu. Bəs ona bu cəsarəti, bu limitsiz səlahiyyəti kim verib, nə üçün verib? Hər gələn legioner medal qazandıqca azarkeşlərə, onu tənqid edənlərə yuxarıdan aşağı baxmalıdır? Məhz elə onlara bu şəraiti yaradan qurumlar və rəsmilər üçün hesabat vaxtıdır.

Güləş kimi idman növlərində isə vəziyyət bir qədər fərqlidir. Burada bizim kifayət qədər nüfuzlu, iddialı idmançılarımız var idi. Yerli idmançılardan Hacı Əliyevi, legionerlərdən isə Sabah Şəriətini götürək. Hacı Əliyev ilk çətin sınağındaca belini yerə verdi, mübarizə əzmini itirdi. Sabah Şəriətinin isə bürünc medal uğrunda mübarizədə öz həmyerlisinə məğlub olması legioner məsələsi barədə daha ciddi fikirləşməyə vadar edir. Bu qədər təcrübəli, dünya miqyasında tanınan və favorit göstərilən güləşçilərimizin uğursuzluğunun səbəbini dərindən araşdırmaq vacibdir. Bunu biz səthi edə biləriksə, federasiya ətraflı statistik və analitik şərh verə bilər. Məsələn, cüdoçumuz Hidayət Heydərov Olimpiya çempionu olduqdan sonra verdiyi müsahibədə Elnur Məmmədlinin onun uğurunda böyük rol oynadığını bildirdi. O, əlavə etdi ki, əgər əsrin əvvəllərində Elnur Məmmədlinin yanında özü kimi mentor olsaydı, hətta 3 qat Olimpiya çempionu olardı. Deməli, komandadakı kimyanın yaxşı təşkili ilə uğurlu nəticələr düz mütənasibdir. Güləş Federasiyası köhnə ənənələr üzrə davam edir, hər hansı islahat və ya müasir idmanla ayaqlaşma cəhdləri görünmür. Məsələn, Gürcüstandan Giorgi Meşvildişvilini komandaya cəlb edirsənsə, onunla birgə Gürcüstan təcrübəsini də ölkəyə gətirə bilərsən. Necə ki, özbəklər bunu boksda edir. Onlar milliyə kubalı cəlb eləmir, kuba təcrübəsini ölkəyə gətirir.  

İdmanda legioner siyasəti, idman klublarının və federasiyaların xarici idmançıları komandalarına cəlb etməsi ilə bağlı qaydalar və strateji yanaşmalardan ibarətdir. Bu siyasət düzgün aparıldıqda, həm yerli idmançılar, həm də klub və ya federasiya üçün faydalı ola bilər. Düzgün aparılmadıqda isə nüfuzlu turnirlərdə öz fəsadını artıqlaması ilə göstərir. Bu gün Azərbaycan idmanında aparılan legioner siyasətinin yerli idmançılara faydasını təəssüf ki, müşahidə edə bilmirik. Çünki həm Gənclər və İdman Nazirliyi, həm də federasiyalar qısamüddətli nəticələr əldə etməklə böyük qazancları hədəfləyirlər. Məsələn, Azərbaycandakı idman həvəskarlarının çox az məlumatlı olduqları badminton üzrə ölkəmizi Keişa Fatimə Əzzəhra və Edi Reski Dviçayo təmsil edirlər. Daha 4 il sonra yenə onları görəcəyik. Qurum rəsmiləri dəyişəcək və daha 4 il sonra yeni uzaq şərqlilər Azərbaycan adından Olimpiadaya yollanacaqlar. 

Legioner siyasətinin aparılmasında nəzərə alınmalı olan əsas məqamlardan biri də yerli və xarici oyunçuların balansının saxlanılmasıdır. Bu, yerli idmançıların inkişafına mane olmamaq və onlara təcrübə qazanmaq imkanı vermək üçün çox vacibdir. Bu səbəblə legionerlərin sayı üçün müəyyən bir hədd təyin etmək daha yaxşı olar.

Legioner olaraq seçilən idmançıların yüksək keyfiyyətə sahib olması da çox vacibdir. Legionerlər yalnız yaxşı oyunçular deyil, həm də yaxşı mentorlar olmalıdırlar. Onlar yerli oyunçulara öz biliklərini və təcrübələrini ötürə biləcək qabiliyyətə malik olmalıdırlar. Əgər milliləşdirilmiş hər hansı xarici idmançı yerli idmançılarla təcrübəsini bölüşmək istəmir, xəsislik edirsə, onun qısa müddətdə yüksək məbləğlər qazanıb getməkdən başqa fikri yoxdur. 

Yay Olimpiya Oyunlarında biz bəzi milliləşdirilmiş idmançıların fiziki hazırlıqlarının lazımı səviyyədə olmadığını gördük. Belə olan halda yerli gənc idmançılardan hansı nəticəni gözləyə bilərik? Cüdoçu və güləşçilərimizin görüşün sonuna qədər gücünü saxlaya bilməməsi məşqçi işinin də düzgün aparılmadığına işarədir. 4 il ərzində Gənclər və İdman Nazirliyi hazırlıqların qaydasında getmədiyinin fərqinə varmayıbsa, deməli, heç kim işini vicdanla görməyib, səlahiyyətli şəxslər problemləri ört-basdır edib. 

Böyük nailiyyətlər hədəflədiyimiz idman növlərində infrastruktur cəhətdən demək olar ki, problemimiz yoxdur. İstənilən yerli və xarici idmançı bu şəraitdə ən yaxşı nəticə üçün hazırlaşa, psixoloji olaraq köklənə bilər. Müstəqillik dövrünün ilk illərindən etibarən dövlətin idman siyasətini çox yüksək səviyyədə, az qala qüsursuz təşkil etdiyi hər kəsə məlumdur. Çünki bir ölkənin dünyada nüfuz qazanması, tanınması üçün idman nailiyyətləri əvəzsiz rol oynayır. Əgər bu gün biz favorit göstərildiyimiz idman növlərində nüfuzumuzu itiririksə, deməli, bütün bu illərdə çəkilən əziyyət, xərclənən vəsait yerə vurulub. 

Legioner siyasəti də iqtisadi cəhətdən dayanıqlı olmalı, xarici idmançılara ödənilən yüksək maaşlar klubun və ya federasiyanın büdcəsini aşmamalıdır. Yüksək səviyyəli legionerlər həm də marketinq baxımından faydalıdır. Onlar kluba və ya federasiyaya yeni sponsorlar və daha çox azarkeş cəlb edə bilər. Necə ki, Azərbaycanın idman azarkeşi Mariya Stadniki legioner hesab etmir, ona öz doğması kimi yanaşır. Stadnikin ailəsində, yaxın çevrəsində lap əvvəldən güclü idman ənənələri var. Onun özünə və Azərbaycan bayrağına hörməti də kifayət qədərdir. Bu qəbildən idmançılar sırasında Paris Olimpiadasında üzümüzü güldürən Qaşım Maqomedov, Zelim Kotsoyev kimi legionerlərin də adını çəkmək olar. Yaxşı legioner yerli idmançı üçün də şübhəsiz ki, əvəzsiz ilham mənbəyidir. Legionerlər komandanın ruhuna və mədəniyyətinə uyğun olmalıdır. Onlar yalnız fərdi bacarıqlara deyil, həm də komandanın ümumi məqsədlərinə və dəyərlərinə uyğun olmalıdırlar. Son 15 gün ərzində bu keyfiyyətlərə uyan milliləşdirilmiş idmançıları da görmək çox xoşdur. Onlar medal qazananda bu uğurun Azərbaycana aid olduğunu dərk edir, şəxsi mənafelərini bayrağımızdan yuxarıda görmürlər. Alfonso Loren isə bizdən ona heykəl qoymağımızı gözləyir. O düşünür ki, Azərbaycanın gördüyü ən böyük uğur Olimpiadada qazanılmış hər hansı medaldır. Əgər belə düşünməsəydi, öz aqressiyasını və özündənrazılığını aşkar şəkildə bəyan etməzdi. Boksçu deyir ki, Los Ancelesdə qızıl medal qazanacaq. Onun 2028-ci ildə Olimpiya Oyunlarının proqramında boksun olmayacağından xəbəri belə yoxdur. Deyəsən, federasiya da bundan xəbərsizdir ki, ona açıqlamalarda diqqətli olmağı məsləhət görmür.

Mariya Stadnikdən söhbət açmışkən onu da qeyd eləmək yerinə düşər ki, Azərbaycanın qadın idmançılarının 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasından başlayan medal qazanma ənənəsi bu il Parisdə başa çatdı. Olimpiya Oyunlarında ən çox medal qazanmış qadın idmançımız isə məhz elə Mariya Stadnikdir. Bəs qadınlarda idmana maraq yaratmaq üçün, yeni nəsil yetişdirmək üçün hansı tədbirləri görmək lazımdır? Bu sualın cavabını aidiyyəti qurumlar çox yaxşı bilir, amma ortada nəticə yoxdur. Görəsən, Los Ancelesdə də qadın idmançılardan yeganə ümidimiz Mariya Stadnik olacaq? Bu il onun da gücünün tükəndiyini gördük. 

Qadın idmanının mediyada daha çox işıqlandırılması, ictimaiyyətin bu sahəyə marağını artırır. Bu, qadın idmançılar üçün daha geniş tanınma və dəstək təmin edir. Qadın idmanını təbliğ etmək üçün təqdimatlar, seminarlar və ictimai tədbirlər təşkil edilməlidir. Bu tədbirlərdə qadın idmançıların uğurları nümayiş etdirilməlidir. İdman obyektlərində qadınların təhlükəsizliyi və rahatlığı təmin olunmalıdır. Bu, onların idmanla məşğul olarkən özlərini rahat hiss etmələrinə imkan verəcək. Bunlar təkliflərdən bəziləridir. Əgər Gənclər və İdman Nazirliyi builki göstəricilərdən həqiqətən nəticə çıxarsa, növbəti 4 il yaxşı çalışmaq üçün kifayət qədər uzun vaxtdır. 

Yekun olaraq, legioner siyasəti yalnız qısa müddətli nəticələrə deyil, həm də yerli çempionatlar, idmançıların uzun müddətli inkişafına yönəldilməlidir. Bu, milli idmanın inkişafı üçün önəmlidir. Bu prinsipləri rəhbər tutaraq legioner siyasətini düzgün aparmaq, həm klub, həm də yerli idmançılar üçün uzunmüddətli uğura zəmin yarada bilər.

 

Adil Nəhmətli

0