[b]Ruslan Qurbanov: Xorvatiyadan xal almaq çətindi - MÜSAHİBƏ[/b]
03.09.2015 - 15:48
[b]Ruslan Qurbanov: Xorvatiyadan xal almaq çətindi - MÜSAHİBƏ[/b]

Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Millimizi bir neçə saatdan sonra Xorvatiya yığması ilə oyun gözləyir. Komandamız bu görüşə hazırdımı?

- Bəli. Oyuna yaxşı hazırlaşmışıq. Matçın startını gözləyirik. İstəyirik ki, yaxşı nəticəyə imza ataq.

 

- Necə düşünürsüz, heyəti ulduz futbolçulardan ibarət olan Xorvatiyadan xal almağımız mümkündü?

- Rəqibimiz, doğrudan da, olduqca güclüdü. Ancaq əlimizdən gələni edəcəyik ki, onlarla sona qədər mübarizə aparaq. Xorvatiyadan xal almaq çətindi. Amma futbolda hər şey mümkündü.

 

- Xatırladım ki, Osiyekdəki matçda yığmamız 0:6 hesabı ilə uduzmuşdu...

- Bu dəfə fərqli oyun olacaq. Yeni baş məşqçimiz, yeni oyun sistemimiz var. Osiyekdə baş verənlərin təkrarlanmamasına çalışacağıq. Psixoloji cəhətdən də hamı oyuna tam hazırdı.

 

- Xorvatiya yığmasının heyətində ən təhlükəli oyunçu kimi hesab edirsiz?

- Kimisə fərqləndirmək istəməzdim. Rəqibin heyətində bütün futbolçular təhlükəlidilər. Hər biri Avropanın top-klublarında çıxış edirlər. Biz ancaq Modriç, Rakitiç və Mandzukiç barədə düşünsək, yanılmış olarıq.

 

- Xorvatiyalı futbolçular açıqlamalarında erkən qol vurmağa çalışacaqlarını bildiriblər. Millimiz rəqibin planını necə poza bilər?

- Aqressiv və kompakt oyun göstərməklə. Xorvatlara sərbəstlik vermək olmaz və biz bunu dərk edirik.  

 

- Start heyətində sizin də adınızın olacağını gözləyirdizmi?

- Baş məşqçinin mənə ilk “11-lik”də şans verib-verməyəcəyini bilmirdim. Bir halda ki, Prosineçki mənə güvənir, onun etimadını doğrultmalıyam. Onu da deyim ki, bu dəfə yarımmüdafiənin sağ cinahında çıxış edəcəm.

 

- Xorvatiya ilə çətin görüşdən sonra millimiz Malta səfərinə yollanacaq. Hansı görüşü xal qazanmaq mənasında daha vacib hesab edirsiz?

- Bizim üçün hər oyun vacibdi. Bacardığımız qədər çox xal toplamalıyıq. Ancaq heç də həmişə istədiyin kimi olmur. İndiki məqamda Xorvatiya matçı barədə düşünürük. Bu görüşü başa vurduqdan sonra Malta ilə oyun haqda fikirləşəcəyik. Malta səfərindən qələbə ilə qayıtmaq istəyirik. Ancaq çox çətin olacaq. Malta da güclü komandadı və bizimlə matça ciddi hazırlaşacaq.

 

Tengiz MƏMMƏDOV

 

 

 

0