[b]Legioner limiti ilə bağlı qərarın veriləcəyi gün dəqiqləşdi[/b]
29.04.2016 - 10:34
[b]Legioner limiti ilə bağlı qərarın veriləcəyi gün dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında legioner limiti ilə bağlı son qərarın veriləcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna mayın 3-də Azərbaycan Voleybol Federasiyasının inzibati binasında baş tutacaq iclasda aydınlıq gələcək.

 

Belə ki, həmin gün baş məşqçilərlə vitse-prezident Faiq Qarayevin görüşü keçiriləcək. Tədbirdə legioner limiti ilə yanaşı, aşağı yaş qrupları üzrə yığmalarımızın baş məşqçi postunda dəyişikliklərin də olması istisna edilmir.

 

Həmçinin, klublarımızın kimlə və necə işləyəcəkləri də müzakirə mövzusu olacaq. Bundan əlavə, kişi voleybolçularımızın Avropa çempionatının seçmə mərhələsinə hazırlığı ilə bağlı hesabatın dinlənməsi və qadınlardan ibarət yığmamızın Avropa Liqası üçün təlim-məşq toplanışının gündəliyə salınması gözlənilir.

 

Qeyd edək ki, federasiya 2016/2017 mövsümü üçün 2 variant üzərində işləyir. Bu dəyişiklik yerli voleybolçuların yetişməsinə hesablanıb. Qurum hazırda ən azı 1 azərbaycanlı voleybolçu meydanda, 1-i isə ehtiyatda olmaq qərarını daha da təkmilləşdirmək istəyindədi. Federasiya hesab edir ki, voleybolun inkişafı üçün yeni ildə hər komandada ən azı 3 yerli oyunçu olmalıdı. Onlardan ikisi isə meydana çıxmalıdı. Digər variant isə oyun zamanı hər klubun əsas heyətində 3 azərbaycanlının olmasıdı. Bu, bir qədər inandırıcı olmasa da, komandalarımızın maliyyə cəhətdən axsaması belə qərarı gözləməyə əsas verir.

 

0