[b]4 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi[/b]
21.11.2016 - 10:40
[b]4 boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi[/b]

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan boksçuları 4 bürünc medalı özlərinə təmin ediblər.

 

Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1/4 final səddini uğurla keçib. Boksçumuz isveçli Yelena Envallla (İsveç) döyüşdən qalib ayrılıb – 3:0 (40:36; 40:36; 40:36). Anna yarımfinalda Delfin Mançini (Fransa) ilə üz-üzə gələcək.

 

Yığmamızın liderlərindən olan Yelena Vıstropova da bacısı Əlimərdanovanın geri qalmayıb. 69 kq çəki dərəcəsində rinqə çıxan idmançımız Assunta Kanforanı (İtaliya) mübarizədən kənarlaşdırıb. O, 2:1 (39:37; 39:37; 37:39) hesablı qələbəyə sevinib. Vıstropova növbəti qarşılaşmasında rusiyalı Səadət Abdullayevanı sınağa çəkəcək.

 

Leyla Cavadova (81 kq) da adını yarımfinala yazdırıb. Həmyerlimiz 1/4 finalda Lusia Brklyasanı (Xorvatiya) məğlub edib – 3:0 (39:37; 39:37; 39:37). Cavadova final üçün Elif Güneri (Türkiyə) sınağa çəkəcək.

 

Yarımfinala yüksələn 4-cü boksçumuz isə Aynur Rzayevadı (+ 81 kq). O, 1/4 finalda İrina Vinnik (Ukrayna) üzərində texniki qələbə qazanıb. Rzayeva növbəti qarşılaşmada Zemfira Maqomedaliyeva (Rusiya) ilə döyüşəcək. Digər boksçularımız isə mübarizəni dayandırıblar.

 

1/2 final qarşılaşmaları sabah olacaq.

 

Qeyd edək ki, qaydalara əsasən, yarımfinala yüksələnlər ən azı bürünc medalı təmin edirlər. 

0