[b]“Yuventus” – “Tottenhem”: O, sərt sürüşmə fəndi ilə məni salamladı[/b]
13.02.2018 - 10:58
[b]“Yuventus” – “Tottenhem”: O, sərt sürüşmə fəndi ilə məni salamladı[/b]

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final həyəcanına start veriləcək. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə “Yuventus” “Tottenhem”i, “Bazel” isə “Mançester Siti”ni qəbul edəcək.

 

Şübhəsiz ki, diqqətlər daha çox İtaliyadakı matça yönələcək. Çünki Turində iki bərabər səviyyəli komanda üz-üzə gələcək.

 

Matçdan öncə hər iki komandanın üzvləri oyunla bağlı fikirlərini bildiriblər. Tərəflər bir-birlərindən çəkinsələr də, meydana sərfəli nəticə üçün çıxacaqlarını deyiblər.  

 

Massimiliano Alleqri (“Yuventus”un baş məşqçisi): “Bu oyunda baş işlətmək, rəqibi texniki cəhətdən üstələmək və qol buraxmamaq lazımdı. Amma mənə 0:0 hesabını təklif etsəydilər, razılaşmazdım. “Tottenhem”in güclü cəhətlərini və bizi çətin oyun gözlədiyini bilirik. Çünki rəqibin hücum xəttində yüksək səviyyəli 4 futbolçu var. Lakin biz də son illər, xüsusən, özünəinam mənasında inkişaf etmişik. Buna Avropada imza atdığımız yaxşı nəticələrlə nail olmuşuq. Fikrimcə, son illərdə yalnız “Real” bizdən yaxşı təsir bağışlayıb. Blez Matuidini bu görüşdə kim əvəz edəcək? “Fiorentina” ilə matçda Klaudio Markizionun oyunu xoşuma gəldi. Ancaq digər variantlar da var. Gün ərzində yekun qərarımı verəcəm. Çox texnikalı oynamalıyıq. Əks təqdirdə, fiziki mübarizədə “Tottenhem” bizi üstələyəcək. Diqqətli olmalı və balansı saxlamalıyıq. Bərabər gücdə olan 2 komandanın görüşündə çətin ki, kimsə dominantlıq etsin. Belə oyunlarda nəticəni kiçik detallar müəyyənləşdirir”.

 

Corcio Kyellini (“Yuventus”un müdafiəçisi): “Tottenhem”in hücumçusu Harri Keyn son illərdə çox “artırıb”. O, qollar vurmaqla yanaşı, həm də rəqibdən top alır və komanda oyunu göstərir. Şübhəsiz, dünyanın ən yaxşı “9 nömrə”lərindən biridi. Bu cür hücumçuya sahib olduğu üçün “Tottenhem”in bəxti gətirib. Belə oyunçuları barmaqla saymaq olar. Ümid edirəm ki, Keynlə üzbəüz qalanda onu dayandıra biləcəm. Amma məni daha çox “Tottenhem”i mübarizədən kənarlaşdırmağımız maraqlandırır. Çünki “Tottenhem” Keyndən daha böyükdü. Onlar çox qol vururlar və hücumda əla oynayırlar. Şanslar bərabərdi. Özümüzü favorit saymırıq. Düzdü, hazırda yaxşı formadayıq, kollektivdə əla atmosfer var. Əlavə motivasiyaya ehtiyacımız yoxdu. Amma rəqib də çox güclüdü.

Hazırda karyeramın ən yaxşı dövrünü yaşayıram. İstənilən yaşda yaxşı futbolçu olmaq mümkündü. Buna nümunə kimi qapıçımız Canluici Buffonu göstərə bilərəm. O, həmişə məşq edir, 40 yaşında da inkişafdadı”.

 

Maurisio Poçettino (“Tottenhem”in baş məşqçisi): “Yuventus” böyük klubdu. Son 3 ildə 2 dəfə Çempionlar Liqasının finalında oynayıb. “Tottenhem”in tarixini “Yuventus”un tarixi ilə müqayisə etməyə dəyməz. Amma biz də planla hərəkət edirik və “Yuventus”un səviyyəsinə çatmaq istəyirik. Onlarla bacarıb-bacarmayacağımızı meydanda görəcəyik. “Yuventus” əla heyəti olan top-klubdu. Bəzi futbolçuların yoxluğunun onlara problem yaradacağına inanmıram. Rəqibin heyətində Paulo Dibala möhtəşəm oyunçudu. Təbii ki, onsuz “Yuventus” bir qədər zəif görünür. Lionel Messi, Kriştianu Ronaldo və Neymar kimi Dibala da öz komandasının oyununu rəngarəng edir. Amma “Yuventus”da onu əvəzləyə biləcək Bernardeski kimi futbolçular var. Biz öz oyun prinsipimizi dəyişməyəcəyik. Rəqibə hörmət etməklə yanaşı, aqressiv oynamalıyıq. Qrup mərhələsinin püşkü atılanda hamı “Real” və “Borussiya”nın növbəti mərhələyə adlayacağını düşünürdü. Amma gördüyünüz kimi, biz 1/8 finaldayıq. Daha da irəliləməyə çalışmalıyıq. Lakin bunu gözəl futbol oynayıb, qollar vuraraq etməliyik. Çətin olacağını bilirik. Rəqibimiz güclü olsa da, sona qədər döyüşəcəyik və oyun tərzimizə sadiq qalacağıq”.

 

Harri Keyn (“Tottenhem”in hücumçusu): “Xoş narahatlıq içindəyik. Məhz bu cür oyunlara görə Çempionlar Liqasında çıxış etmək istəyirsən. Yaxşı futbol göstərəcəyimizə ümidliyəm. Rəqibin müdafiəçisi Corcio Kyellini möhtəşəm futbolçudu. İngiltərə yığmasında ilk dəfə əsas heyətdə meydana çıxdığım oyunun artıq 5-ci dəqiqəsində o, mənə qarşı çox sərt şəkildə sürüşmə fəndi etdi. Yəni məni beynəlxalq futbolda salamladı. Yenə ona qarşı oynamaq çətin olacaq. “Yuventus” fantastik komandadı, amma mən bu görüşdə iştirak etməkdən məmnun olacam. Həmişə dünyanın ən yaxşı müdafiəçilərinə qarşı oynamaq istəmişəm. Kyellini də onlardan biridi. Qrup mərhələsində olduğu kimi, “Yuventus”la matçda da özümüzə inanmalıyıq. Meydanda 11 nəfər 11 nəfərə qarşı mübarizə aparacaq. Artıq daha çox təcrübəmiz var və özümüzə güvənirik”.

 

0