Şəhriyar Məmmədyarov Dortmund superturnirində ardıcıl üçüncü oyunda qələbə qazana bilməyib
02.07.2008 - 09:51
Şəhriyar Məmmədyarov Dortmund superturnirində ardıcıl üçüncü oyunda qələbə qazana bilməyib
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Dortmund şəhərində təşkil olunan şahmat üzrə ənənəvi superturnirdə III turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, XVIII kateqoriyalı yarışda mübarizə aparan Şəhriyar Məmmədyarov yenə qələbə qazana bilməyib. 23 yaşlı beynəlxalq qrossmeyster bu dəfə qara fiqurlarla Yan Qustafssonla (Almaniya) heç-heçə edib. Vasili İvançuk (Ukrayna) - Yan Nepomnyaşi (Rusiya), Luk van Veli (Hollandiya) - Peter Leko (Macarıstan) görüşlərində də qalib müəyyənləşməyib. Hesabat turunda qeydə alınan ən böyük gözlənilməzlik sabiq dünya çempionu Vladimir Kramnikin (Rusiya) almaniyalı Arkadi Naydiçə uduzmasıdır. Ş.Məmmədyarov bu gün IV tur çərçivəsində məhz A.Naydiçlə qarşılaşacaq. Hesabat turu çərçivəsində, həmçinin Y.Qustafsson - V.İvançuk, V.Kramnik – P.Leko, Y.Nepomnyaşi - L.van.Veli oyunları baş tutacaq.
III turdan sonra P.Leko və Y.Qustafsson 2 xalla liderliyi ələ keçiriblər. Onları hərəyə 1,5 xal toplayan Ş.Məmmədyarov, V.Kramnik, A.Naydiç və Y.Nepomnyaşi izləyir. V.İvançukla L.van.Velinin hesabında 1 xal var.
0