Azad Rəhimovdan səmimi etiraflar
30.01.2009 - 20:36
Azad Rəhimovdan səmimi etiraflar
“Komanda idman növlərində çox böyük problemimiz var. Bunun çıxış yolları heç də federasiya rəhbərliklərini dəyişmək deyil. Heç bu məsələ planda da deyil. Rayonlarda, məktəblərdə, cəmiyyətlərdə komanda idman növləri üzrə bölmələr olmasa, idmanı sevən sponsorlar üzə çıxmasa, klubların təşkil olunmasına kömək edən tapılmasa vəziyyət dəyişməyəcək”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir əsasən basketbol və voleybol növlərindəki problemlərə toxunub: “Nəinki təkcə peşəkar basketbolumuz yoxdur, bütün komanda növlərində vəziyyət yaxşı deyil. Hesab etmirəm ki, voleybolda, xüsusilə kişilərdə vəziyyət bundan yaxşıdır. Təəssüf ki, qadınlardan ibarət voleybol klublarımız da əsas heyətlərini itiriblər. Bir çox voleybolçularımız karyeralarını xaricdə davam etdirirlər. Nəsildəyişmə prosesi gedir və istedadlı voleybolçuların hamısını bir klubun tərkibinə cəlb etmək vacibdir. Amma bu, həyata keçirilmir”.

Həndbolda da dirçəliş olmadığını söyləyən Rəhimovun bildirdiyinə görə, normal çempionatın təşkili vacibdir: “Düzdür, Rəfiqə Şabanova, Lyudmila Şubina kimi güclü məşqçilərimiz var. Lakin cəmi 2 klubumuz mövcuddur. Həndbolu inkişaf etdirmək üçün məktəb, zal yaratmaq lazımdır, seleksiya işləri aparılmalıdır. Futbolda olduğu kimi, basketbol, voleybol, həndbolda da 5-10 klub olmalıdır ki, normal çempionat keçirilsin. Reallıqda isə bunlar yoxdur”.

O, çıxış yolları barədə də danışıb. Nazir deyib ki, komanda növlərini maddi amillər sayəsində inkişaf etdirmək mümkündür: “Əslində, bunun üçün böyük vəsaitə ehtiyac duyulmur. Sadəcə, idmanı sevən biznesmenlər ortaya çıxmalıdır. Mən biznes işlərimlə əlaqədar İtaliyada çox olmuşam. Orada fabrik, zavod direktorunun otağı kuboklarla doludur. Hansısa zavod velosipedə, digəri voleybolu, bir başqası futbola sponsorluq edir. Direktor şkafdakı kuboklara, mükafatlara baxanda ürəyi açılır. Bizim biznesmenlər də bu yolla getməlidirlər. Amma bunu Azad Rəhimov və ya digər şəxs məcbur etməməlidir. İş adamları özləri idmanı sevməli, həyatlarının bir hissəsi kimi qəbul etməlidirlər. Gələcək nəsil haqqında düşünürlərsə, onlar gənc idmançılar üçün iş görə bilərlər. Bu sahələrdəki problemləri 5 dəqiqəyə həll etmək qeyri-mümkündür”.
0