“Qızıl Qran-Pri”də ilk gün: Azərbaycan çempion!
17.07.2009 - 22:16
“Qızıl Qran-Pri”də ilk gün: Azərbaycan çempion!
Bu gün Bakı İdman Sarayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə yunan-Roma üsulunda güləşənlər mübarizəyə qoşulublar. Bu növdə Azərbaycan yığmasının 24 üzvü qüvvəsini sınayıb.

55 kq - Rövşən Bayramov, Elçin Əliyev, Qasım Məhəmmədov, Taleh Məmmədov: 1 bürünc medal
Bu çəkinin favoriti Rövşən Bayramov elə ilk görüşdəcə məğlubiyyətə düçar olub. Pekin Olimpiadasının gümüş medalçısı yaponiyalı Haseqaşa Koreyə uduzub. Lakin rəqibi finaladək irəlilədiyindən, Rövşən təsəlliverici mərhələyə qatılıb. O, macarıstanlı Peter Modoşu məğlub edərək (3:0; 2:1) bürünc medal qazanıb. Digər pəhləvanlarımız isə ən yaxşı halda, 1/4 finala çıxmağı bacarıblar.

60 kq - Vitaliy Rəhimov, Sakit Cəlilov, Fuad Əliyev, Natiq Bağırov, Cavid Abdullayev: 1 gümüş, 1 bürünc medal
Pekin Yay Olimpiya Oyunlarının daha bir gümüş mükafatçısı Vitali Rəhimov ümidləri doğruldur. Gənc idmançı finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Aslan Abdullin (Rusiya) olub. Təəssüf ki, Vitali finalda məğlubiyyətlə üzləşib. Bundan başqa, yığmamız aktivinə iki bürünc medal da yazdıra bilərdi. Çünki Sakit Cəlilov, Fuad Əliyev və Cavid Abdullayev təsəlliverici mərhələdə iştirak hüququna yiyələnmişdi. Onlardan yalnız Sakit Cəlilov fəxri kürsünün üçüncü pilləsinə yüksələ bildi.

66 kq - Fərid Mansurov, Emin Əhmədov, Elşad Səfərov, Tural Hüseynov: 1 qızıl, 1 bürünc medal
Olimpiya çempionumuz Fərid Mansurov da “Qızıl Qran-Pri”nin qalibi olmağa çox yaxındır. 27 yaşlı həmvətənimiz Fujimura Tstomu (Yaponiya), Lorinys Tamaş (Macarıstan) və Beybit Nuqumanova (Qazaxıstan) qalib gəlib. Fərid finalda iranlı Byabanqard Afşinlə üz-üzə gəlib. Bu həm də revanş xarakteri daşıyırdı. Ona görə yox ki, 1200 il əvvəl xalq qəhrəmanımız Babəki ərəblərə məhz Afşin satıb. Sadəcə, Byabanqard Afşin yarımfinalda güləşçimiz Emin Əhmədovu məğlub edib. Mansurov isə İran təmsilçisini üstələmklə, həm çempion olub, həm də Eminin qisasını alıb. Əhmədov isə Aleksandr Maksimoviçə (Serbiya) qalib gələrək, bürünc medala sahib çıxıb.

74 kq - Elvin Mürsəliyev, Rafiq Hüseynov, Rüfət Hüseynov, Niyaməddin İbrahimov: 1 qızıl medal
Rafiq Hüseynov da fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa namizəddir. O, Cahongir Muminovu (Özbəkistan) məğlub edərək, çempion olub. Ancaq təsəlliverici mərhələdə iştirak edən digər pəhləvanlarımız Niyaməddin İbrahimovla Elvin Mürsəliyev əliboş qalıb.

84 kq - Şalva Qadabadze, Elgiz Məmmədov, Şəhriyar Məmmədov
Bu çəki dərəcəsində isə pəhləvanlarımız uğursuzluq yaşayıblar. Hər 3 təmsilçimiz ilk mərhələdə uduzublar. Yalnız Elgiz Məmmədov rəqibi Yevgeni Boqomoluvun (Rusiya) finala çıxması sayəsində təsəlliverici mərhələyə adlayıb. Ancaq burada ilk cəhddə qalib qalib gələn Elgiz növbəti görüşdə gürcü güləşçiyə uduzaraq, mükafatsız qalıb.

96 kq - Denis Mişin, Serqo Nino, Səbuhi Hümbətov: 1 bürünc
Finalın bir addımlığında qalan Denis Mişin bürünc medal qazanıb. O, təsəlliverici mərhələdə estoniyalı Nabi Heykidən güclü olub. Serqo Nino və Səbuhi Hümbətov isə əliboş qalıblar.

Azərbaycan yığması komanda hesabında 98 xalla birinci olub. Gürcüstan 61 xalla ikinci, İran isə 58 xalla üçüncü yeri tutub.
0