Ağasəlim Mircavadov: Onun transferində başqa amillər var
29.01.2010 - 15:54
Ağasəlim Mircavadov: Onun transferində başqa amillər var
“Türkiyədəki hazırlıq prosesində normal işlədik. Düzdür, hava şəraiti, yağan güclü yağış bizə çətinlik yaratsa da, Antalyadakı şərait yaxşı idi. Komandamızın göstərdiyi oyundan da razı qaldım”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Lənkəran təmsilçisi Türkiyədə üç həftəlik təlim-məşq toplanışında hər 4 yoxlama oyununu Rusiya klublarına qarşı keçirib. “Vityaz”ı üstələyən (1:0) cənublular ardından Premyer Liqa təmsilçiləri – “Sibir” (0:1), Moskva “Spartak”ı (1:3) və “Saturn”a (0:1) uduzub. Mircavadov nəticədən narazı qaldığını etiraf edib: “Ancaq inanın ki, həmin görüşlərdə nəticə oyuna görə olmadı. Uduzduğumuz görüşlərdə yaxşı oyun göstərdik. Ancaq futbolda belə də olur ki, yaxşı oynayır, uduzursan. Eybi yox, onu da öyrənməliyik”.

Təcrübəli mütəxəssis baxışa gələn braziliyalı legioner Kristian Martins Kabralı “Saturn”la görüşdə yoxlayıb. Əsas heyətdə meydana çıxan braziliyalı yarımmüdafiənin mərkəzində oynayıb. Kristianın keçidinin hələ rəsmiləşmədiyini söyləyən Mircavadovun sözlərinə görə, danışıqların nəticəsi bu günlərdə bilinəcək: “Ona baxmışam, pis oynamadı. Orta sahədə çıxış edir, meydanda həm dağıdıcı, həm də yaradıcı funksiyanı yerinə yetirə bilir. Komandamıza uyğun gələ bilər. Birincisi, 30 yaşı var. İkincisi də uzun illər Braziliyanın A, son vaxtlar isə B seriyasında oynayıb. Sadəcə, braziliyalının məşqlərə gec başlaması özünü göstərir. Martinsin yaxşı cəhətləri var, tez forma yığır. Ancaq onun transferində başqa amillər var. Görək də necə olacaq. Burada əsas məsələ maliyyə ilə bağlıdır. Futbolçu istədiyimiz səviyyədə deyilsə, ona görə niyə artıq pul verməliyik ki? Mən Kristianın son klubu ilə müqaviləsinin olub-olmadığını bilmirəm. Bu kimi məsələlərlə transfer işlərini görənlər məşğul olur və agenti ilə danışıqlar aparılır”.
0