“Vüqar Həşimov bütün Azərbaycanın övladıdır”
20.04.2014 - 10:42
“Vüqar Həşimov bütün Azərbaycanın övladıdır”

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2014” beynəlxalq turnirinə start verilib. Apasport.az saytının xəbərinə görə, açılış mərasimində öncə Şəmkir Şəhəri İcra Hakimiyyətinin başçısı Nazim Veysov çıxış edib. Şəmkirin inkişaf etdiyini deyən Nazim Veysov mötəbər yarışın tarixi şəhərdə keçirilməsinə şad olduğunu bildirib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov isə Vüqar Həşimovun Azərbaycan idmanında böyük iz qoyduğunu söylədi: "Bu gün Şəmkirdə dünyanın və Azərbaycanın güclü şahmatçısı olan Vüqar Həşimovun xatirə turniri start götürür. Onun qələbələri və millimizin inkişafında xidmətləri heç vaxt unudulmayacaq."

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarış iştirakçılarını federasiyanın prezidenti Elman Rüstəmovun adından salamladı: "Vüqar Həşimov qısa amma çox mənalı və şərəfli ömür sürdü. Onun şahmatçı kimi formalaşmasında ailəsiylə yanaşı ümumilli lider Heydər Əliyev və dövlət başçısı, Azərbaycan prezidenti İlham ƏIiyevin böyük rolu olub. Bu yarışda onun dostları iştirak edir. Zalda həm də onun komanda yoldaşları var hansılarla birgə Avropa çempionatında qızıl medal qazanıblar. “Synergy Group”un peşəkar işi barədə danışmaq istərdim. İndi əksər şirkətlər şahmata böyük diqqət ayırmasa da, “Synergy Group” belə təşəbbüslə çıxış edib. Onlar dərin təşəkkürümüzü bildirirəm."

Sonra rejissor Ülviyyə Könülün hazırladığı "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film göstərildi. Ardınca Vüqar Həşimovun dostu və məşqçisi Viorel İordaçesku Vüqar Həşimova həsr olunan markanı nümayiş etdirdii.

Ardından Vüqar Həşimovun atası Qasım Həşimov keçirilən mötəbər yarışa görə “Synergy Group” rəhbərliyinə təşəkkür etdi: "Bu gün turnirin açılış mərasiminə Vüqarın dostları, onu sevənlər və yaxınları toplaşıb. Mən sizə Vüqarsevərlər deyərək müraciət edirəm. Bu gün Vüqarın bizi tərk etməsinin düz 100 günü tamam olur. Allah heç kimə göstərməsin. Ağır dərddir. Karyerası ərzində 80-dən çox medal qazanıb. Avropa çempionatında tarixi qələbədən qayıdanda anladım ki, Vüqar təkcə mənim yox, həm də bütün Azərbaycanın oğludur. “Synergy Group” rəhbərliyinə bu turniri keçirdiklərinə görə çox sağ ol deyirəm. 22-ci kateqoriyalı yarış turnirin necə mötəbər olduğunu göstərir. Arzu edirəm ki, yarış ənənəvi olsun və hər il Vüqar Həşimovun xatirə turnirinə toplaşaq."

Yarış iştirakçılarını salamlayan “Synergy Group” Müşahidə Şurasının sədri Riyad Hüseynov belə mötəbər turnirin keçirdiklərini şirkət üçün şərəf olduğunu vurğuladı: "Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi bütün işləri həll edəcək. Yarışı açıq elan edirəm. Qoy ən güclü qalib gəlsin."

Sonda yarışın baş hakimi Faiq Həsənov tərəfindən püşkatma mərasimi keçirildi və şahmatçıların ilk turdakı rəqibləri müəyyənləşdi.

0