3 qrossmeyster atası Məmmədyarov: Övladlarımın uşaqlıq illərini aldığım üçün günahkaram
23.04.2014 - 10:18
3 qrossmeyster atası Məmmədyarov: Övladlarımın uşaqlıq illərini aldığım üçün günahkaram

Bəzən övladı ataya görə tanıyırlar. Amma Məmmədyarovlar ailəsində atanı övladları tanıdıb. Özü də çox gənc yaşlarından. Hazırda Şəhriyar şahmat üzrə kişilərdən, Zeynəb və Türkan isə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvüdür. Onlar yığmamızın heyətində bütün nüfuzlu yarışlara qatılırlar. Şahmatçıların atası Həmid Məmmədyarov da vaxtilə idmanla məşğul olub. Amma güc idman növləri ilə. Bəs niyə övladlarını şahmata yönəldib? 

 

Ailem.az-ın “İdmançı ailəsi” rubrikasının qonağı olan ata Məmmədyarov bu və digər məsələlər barədə danışıb.

 

- Necə oldu ki, ailənizdə hamı şahmatı seçdi?

- Uşaq ikən biz Zəngilanda yaşayırdıq. Ailəmizdə hamı şahmatı sevərdi. Amma rayonda elə də şərait yox idi. 14 yaşımda olarkən, Sumqayıta gəldik və əmimgildə qaldıq. Bir müddət sərbəst güləşlə, hərbi xidmət vaxtı Daxili Qoşunlarda samboyla, qayıtdıqdan sonra isə fiziki durumum çox yaxşı olduğu üçün ağırlıqqaldırma ilə məşğul oldum. Məhz ağırlıqqaldırma növündə nəticələr əldə etdim. Demirəm ki, dünya miqyaslı nəticələr idi. Amma Azərbaycan çempionu oldum, SSRİ miqyaslı turnirlərə bir neçə dəfə qatıldım. Müstəqilliyimizin ilk illərində maddi vəziyyət də yaxşı deyildi. Klublar, idman zalları pis günə düşmüşdü. Ona görə də evdə şahmatla məşğuliyyət daha asan idi. Nəticədə qərara aldıq ki, şahmatda nə isə etmək mümkündür. Bunu görürdüm, hiss edirdim ki, bacararam. Özüm də idmançı olduğuma görə əvvəllər buraxdığım səhvləri görürdüm. Əslində, ağırlıqqaldırma növündə böyük nəticələr əldə edə bilərdim. Amma məşqçinin sözünə baxmamaq, səhlənkarlıq imkan vermədi. Bununla belə, şahmatı sevdiyimdən qızlarım və oğlumun da birgə məşğul olması üçün stolüstü növü seçdim.

 

- Övladlarınıza şahmatı yalnız ev şəraitində öyrədirdiniz?

- “Güc birlikdədir” deyiblər. Evdə boş vaxtımızı səmərəli keçirmək üçün şahmatla məşğuliyyət daha münasib idi. Bilirsiniz, biz indi əldə etdiklərimizə çox çətinliklə nail olmuşuq. Yalnız bazar günləri istirahət edərdik. Qalan altı günün hamısında məşğul olardıq. Eyni zamanda dəniz kənarında gündə iki saat yüngül atletika təmrinlərinə vaxt ayırardıq ki, fiziki durumumuz yüksək olsun. Çünki fiziki hazırlıq yaxşı olmasa, insan özünü heç də yaxşı hiss etmir. Xəstə orqanizmdə psixoloji durum necə yaxşı ola bilər? Ona görə də sözün həqiqi mənasında mən uşaqlara hərbi təlim keçmişəm. Gündə 6 saat məşq, 2 saat fiziki hazırlıq. Amma indi çox şadam ki, bunları etmişik. Əvvəllər Sumqayıta fəhlə şəhərciyi kimi baxırdılar. Amma indi Sumqayıt şahmatın yüksək səviyyədə inkişaf etdiyi bir neçə şəhərdəndir. Şəhərimizdə şahmat məktəbi də fəaliyyət göstərir. Bu məktəb SSRİ dövründə 30 ilə bir dənə də beynəlxalq usta yetişdirə bilmədi. Amma bizim ailə şahmat məktəbinin işini gördü. Biz şahmat üzrə 3 beynəlxalq qrossmeysterin yetişdiyi nadir ailələrdənik. 

 

- Özünüz güc idman növləri ilə məşğul olmusunuz. Övladlarınızı heç bir fiziki qüvvə tələb edilməyən növə yönəltmək sizə qəribə gəlmirdi?

- Şahmatçını da döyüşkən idmançı kimi böyütmək lazımdır. O, oynamaqla bərabər döyüşməyi də bacarmalı, hərtərəfli güclü olmalıdır. Bilməlidir ki, şahmat oynamır, döyüşür. Ya döyüşdə, ya da taxta üzərində qalib gəlməyin eyni şey olduğunu anlamalıdır. Şahmat sayəsində ölkəmizi daha çox tanıtdırmaq olar. Azərbaycan şahmatın yüksək səviyyədə inkişaf etdiyi ölkələrdən biridir. Ötən il komandamız hətta Vüqar Həşimovsuz Avropa çempionu oldu. Çox sevinirəm ki, son 4 ildə 4 dəfə Avropa çempionatlarını mükafatla başa vurduq. Deməli, kişilər arasında qitənin ən güclüsüyük.

 

- Qızlarınız da Azərbaycanın qadınlardan ibarət yığmasının üzvləridir.

- Kiçik qızım Türkan Məmmədyarova uzun müddətdir Azərbaycan yığmasına başçılıq edir. Heyətdə digər qızım Zeynəb də çıxış edir. Bilirsiniz, qadınlardan ibarət yığmada çalışmaq bir qədər çətindir, onları danlamaq olmur, çox şey tələb edə bilmirsən. Bununla belə, nailiyyət əldə etmək mümkündür. Bunun üçün bir qədər maddi kömək olunmalıdır. Hazırkı şəraitdə onların maaşları az olduğundan, güclərini uşaq şahmatçılarla işləməyə yönəldirlər. Qadınlara da kömək olunsa, onlar Avropada, dünyada böyük nailiyyətlər qazana bilərlər. Bu yaxınlarda komandamız qitənin ən güclüləri sırasında yer aldı, prezident İlham Əliyev onları təbrik etdi, ev bağışladı. Ümumdünya Şahmat Olimpiadasında isə qadın şahmatçılarımız 130 komanda içərisində 4-6-cı yerləri bölüşdürdülər. Yəni qadınlardan ibarət yığmamız da dünyanın ən güclülərindəndir. Sadəcə, kişi komandamız kimi güclü deyillər.

 

- Dediniz ki, yığmada qadınların üstünə qışqırmaq olmur. Bəs evdə necə?

- “Qışqırmaq” deyəndə, mən onları təhqir eləmirəm ki... Tələb edirəm. İndi hər cür şəraitimiz var, amma 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində fiziki hazırlıqla məşğul olduğumuz vaxt övladlarıma demişdim ki, başqa yolumuz yoxdur. Yaxşı nailiyyət əldə etmək istəyiriksə, fiziki durumumuz da yüksək olmalıdır. Əks halda, yüksək nailiyyət mümkün deyil. Şahmatın inkişafı fiziki duruma o qədər bağlıdır ki, bəlkə də güləş qədər vacibdir. Əslinə qalsa, övladlarımın uşaqlıq illərini əllərindən aldığım üçün günahkaram. Elə bir yaş dövrləri idi ki, həyətdə uşaqlarla oynamalı idilər, amma buna çox az vaxtları olurdu. Səhər dərsə, sonra idmana aparardım, axşamlar indiki Heydər Əliyev parkında bir müddət gəzişdikdən sonra yatardıq. Bilmirdik ki, necə yatırlar.

 

- Övladlarınız şahmatla neçə yaşlarında məşğul olmağa başlayıb?

- Çox qəribədir ki, hamımız şahmatla məşğuliyyətə birdən başlamışıq. Bu, 1993-cü ilə təsadüf edib. Həmin vaxt Zeynəbin 10, Şəhriyarın 8, Türkanın 4 yaşı var idi. Bunadək də mən onları idmana, dəniz kənarına aparıb gəzdirərdim ki, bədənləri sağlam olsun, onları idmana yönəldə bilim. Məndən olsaydı, Zeynəb və Türkanın qadın voleybolu ilə məşğul olmasını istərdim. Çünki çox arzulayıram ki, həndbol, voleybol, gimnastika, üzgüçülük növlərində öz övladlarımız olsun. Amma o vaxtlar Sumqayıtdakı zalların hamısı pis gündə idi. Ona görə də ev şəraitində birgə məşğuliyyət üçün əlverişli olan növü seçdik. Bu seçimimdən də çox razıyam. Düzdür, planlarım tam həyata keçmədi. Məsələn, istərdim ki, qadınlardan ibarət komandamız da Avropa çempionu olsun, olimpiadada mükafatçılar sırasına düşsün. Amma belə yalnız götürəndə Çin və Rusiyadan geri qalırıq.

 

- Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş İddiaçılar Turnirində Şəhriyar Məmmədyarovun çıxışından razı qaldınız?

- Özüm yarışa getmədim. Çünki ora dostları ilə yollanmışdı. Həm də evdə ailəyə, nəvələrə baxan lazım idi. Xantı-Mansiyskdə Şəhriyar daha gözəl çıxış edə bilərdi. Onun həm fiziki, həm də şahmatçı kimi hazırlığı yüksək səviyyədə idi. Amma ilk dəfə idi ki, belə bir yarışda oynayırdı. Sadəcə, həyəcanını boğa bilmədi. Bir də cavabdehlik məsələsi var. Bilirsən ki, hamı səndən nəticə gözləyir. Düşünürsən ki, xalqımızı sevindirmək üçün nə edim? Rəqiblərinin səndən güclü olmadıqlarını bilirsən, amma sərbəst çıxış edə bilməməyin, fikirli olmağın, həyəcanın imkan vermir. Əminəm ki, gələcəkdə Məmmədyarov daha layiqli yer tutacaq. Şəhriyar elə oyunlarda uduzdu ki, gülməli idi. Amma aktiv, məhsuldar oynayırdı, heç-heçə dalınca qaçmırdı, sonadək mübarizə aparırdı. Bir az da səliqəli oynasaydı, birinci yeri tutacaqdı. Dünya şahmat tacı uğrunda Şəhriyar hazırkı çempion Maqnus Karlsenlə oynasaydı, bundan dünya şahmatı daha çox qazanacaqdı. Çünki hər ikisi də döyüşkən, uduzmağı sevməyən şahmatçıdır.

 

- Övladlarınızın hamısı ailəlidir?

- Türkan və Şəhriyar hələ yeni ailə qurub, övladları yoxdur. Zeynəbin isə 2 oğlu var. O, həm də Sumqayıt bələdiyyəsində sədr müavinidir. Əlbəttə, ailə də, uşaq da olacaq, hər şey gözəl olacaq. Amma əsas məsələ odur ki, böyük nailiyyətləri ilə dövlətimizi, xalqımızı sevindirsinlər. Böyük nəvəm 2-ci sinifdə oxuyur. Bəzən insan “çoxlu nəvələrim olsun” söyləyir. Amma biri olandan sonra “Onsuz da arxası da gələcək” deyə fikirləşməyə başlayır. Sanki rahatlaşırsan.

 

- Övladlarınız necə yaşayır?

- Dövlətimiz sağ olsun, həm ailəmizə Bakıda ev verilib, həm də özümüzün Sumqayıtda qəşəng evimiz var. Elə bir yerdə yaşayırıq ki, genişlikdir, hər bir övladımızın öz otağı var, hər şey yaxşıdır.

 

- Bakıya köçmək istəmirsiniz?

- Mənim üçün Sumqayıtda qalmaq daha yaxşıdır. Burada həm fiziki hazırlıq üçün şəraitimiz gözəldir, həm də həyətyanı sahəmiz. Bağımızda hər cür meyvə, həyətimizdə kiçik futbol meydançası var. Balkona çıxanda dəniz görünür. Səs-küy yoxdur. Bura çox gözəldir. İndi Sumqayıt əvvəlki deyil. 1969-cu ildən bu şəhərdə yaşayıram. İndi Sumqayıtın havası əvvəlki illərə nəzərən qat-qat yaxşıdır. 

0