“Zəif çıxışımın meydanda hiss olunması başadüşüləndi” - MÜSAHİBƏ
24.04.2014 - 10:12
“Zəif çıxışımın meydanda hiss olunması başadüşüləndi” - MÜSAHİBƏ

“Bakı”nın rumıniyalı hücumçusu Marius Penanın apasport.az saytına müsahibəsi

 

- Rauf Əliyevin zədələnməsindən sonra sizi daha çox meydanda görəcəyimizi düşünürdük. Amma heç də belə deyil...

- Bu, məndən asılı olan məsələ deyil. Hər şey baş məşqçinin qərarından asılıdır. Necə məsləhət bilir elə də olur. Mən hər oyun meydana çıxmağa hazıram.

 

- Ötən mövsüm komandanız üçün vacib qollar vurmuşdunuz. Amma həmin Penadan əsər-əlamət yoxdur. Son 2 oyunda meydana çıxmısınız və demək olar komandanın ən zəiflərindən olmusunuz...

- Bu, sırf mənim oynamamağımla bağlıdır. Son iki görüşü çıxsaq, ondan əvvəl demək olar ki, forma şansı görməmişəm. Əlbəttə, zəif çıxışımın meydanda hiss olunması başadüşüləndi. Ona görə də son iki qarşılaşmada oynasam da, istəniləni komandaya verə bilmirəm.

 

- Komandadan gedəcəyiniz deyilir. Bu, doğrudur?

- Ola bilər, amma dəqiq bilmirəm. Müqaviləm mövsümün sonunda qurtarır. Qərarın necə olacağını klub rəhbərliyi və baş məşqçi bilir. Qala da bilərəm, gedə də bilərəm.

 

- Bu barədə baş məşqçi Milinko Pantiçlə söhbət etmisiniz?

- Hələ mövsüm başa çatmayıb. Baş məşqçi də, komanda da mövsümün sona çatmasını və yaxşı nəticə qazanmağı düşünür. Ondan sonra futbolçularla bağlı qərarlar veriləcək və mən də rəhbərliklə söhbət edəcəm.

 

- Komandanız son turda “İnter”ə biabırçı hesabla uduzdu. Son iki oyunu doğma meydanda keçirmisiniz və heç biri sizin üçün yaxşı nəticələnməyib...

- Nə deyim? “İnter” çox yaxşı oynadı və 4:0 hesablı qələbə qazandı. Birinci hissədə hesabı açmaları onlar üçün üstünlük idi. İkinci hissədə biz daha çox hücum etməli idik. Amma rəqib yenə əlində düşən fürsəti dəyərləndirdi və 2:0-dan sonra artıq tamamilə irəli atıldıq və rəqib yararlanıb daha iki qol vurdu. Ettonun qırmızı vərəqə alması da onlara kömək etdi. “Xəzər Lənkəran”la matçda da birinci hissəni bərbad oynadıq və rəqib 2 qol vurdu. İkinci hissədə özümüzə gəlsək də, gücümüz ancaq hesabı bərabərləşdirməyə çatdı.

 

- Artıq çempionatda üçüncülük şanslarınız azalıb...

- Şans azala bilər. Amma ümid sonda ölür. Hələ 5 tur var və 5 oyunda 15 xal qazanmaq mümkündür. Hər şey baş verə bilər. Ümid edib gözləyirik. Bundan sonrakı oyunlara qələbə üçün çıxacağıq.

 

- Qarşıdakı turda “Sumqayıt”la üz-üzə gələcəksiniz. Rauf Əliyev hələ də zədəlidir. Bu oyun sizin özünüzü Milinko Pantiçə sübut etmək üçün bir matç olar bilər?

- Mənim fikrim sübut etməkdən daha çox komandama xeyir verməkdi. Bilmirəm, meydana çıxacağam və ya yox, çıxsam, qol vurmağa “Bakı”ya qələbə qazandırmağa çalışacam.

 

- Bizdə olan məlumata görə, Con Toşak “Xəzər Lənkəran”da işləyəndə sizə zəng vurub və komandasında görmək istədiyini deyib. Bu xəbərlər doğrudur?

- Doğrudur. Con Toşak burda olanda məni komandasında görmək istəyirdi. Mənə və menecerimə zəng vurmuşdu. Yay “transfer pəncərəsi” zaman ora getməyimi istədi. Amma o zaman transfer baş tutmadı. Sonra da “Xəzər Lənkəran”dan istefa verdi.

 

ELSEVƏR

0