[b]DÇ-2014: Skautların gözü onlarda[/b]
10.06.2014 - 17:13
[b]DÇ-2014: Skautların gözü onlarda[/b]

Artıq 2 gündən sonra Braziliyada dünya çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, 32 komandanın qatılacağı yarışda ən çox diqqət çəkən məqamlardan biri də gənc futbolçuların çıxışları olacaq.

 

Mövsümboyu klublarında uğurlu çıxış etməklə diqqət çəkən gənclərdən azarkeşlər okeanın o tayında çox şey gözləyir.

 

Həmçinin, bu futbolçuları transfer etmək istəyən Avropanın nəhəng klubları mundialdan sonra qərarlarını daha da dəqiqləşdirəcəklər. Bu baxımdan onların DÇ-dəki çıxışları olduqca önəmlidir. Əsas diqqət mərkəzində olan gənc futbolçular isə aşağıdakılar olacaq:

 

Tibo Kurtua

Klubu – “Çelsi”

Ölkə – Belçika

Yaş -21

Mövqeyi - qapıçı

Milli komandada keçirdiyi oyun sayı  - 16

Buraxdığı qol sayı – 0

 

Tibo Kurtua 21 yaşı olmasına baxmayaraq, bir çox uğurlara imza atıb. Gənc çərçivə qoruyucusu “Genk”lə Belçika çempionu olduqdan sonra “Çelsi”yə transfer olunur. Lakin Peter Çexlə mübarizədə ehtiyatda qalan qolkiper icarə əsasında Madrid “Atletiko”suna keçir. İspan klubunda 111 dəfə forma geyinmək şansı qazanan Kurtuanın ən böyük uğurları da məhz bu klubla bağlıdır. “Atletiko” ilə UEFA Avropa Liqasını, İspaniya La Liqası çempionluğunu və İspaniya Super Kubokunu qazanan belçikalı qapıçı DÇ-də əsas diqqət mərkəzində olan futbolçulardan biri olacaq. Gənc Kurtuadan Braziliyada çox şey gözlənilir.

 

 

Pol Poqba

Klubu – “Yuventus”

Ölkə - Fransa

Yaş – 21

Mövqeyi – yarımmüdafiə

Milli komandada keçirdiyi oyun sayı – 9

Vurduğu qol sayı – 0

 

Poqba peşəkar karyerasına Fransa Liqa-2 təmsilçisi “La Havre” klubunda başlayıb. 2009-cu ildə “Mançester Yunayted”ə gələn yarımmüdafiəçi ingilis klubunda cəmi 3 dəfə meydana çıxıb. 2012-ci ildə “Yuventus” onu transfer etdikdən sonra Poqba adından söz etdirməyə başlayıb. Turin klubunda 63 dəfə forma geyinən gənc futbolçu 12 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. “Qızıl oğlan” mükafatını qazanan fransalı yarımmüdafiəçi Türkiyədə keçirilən 20 yaşlı futbolçular arasında dünya çempionatında “ən yaxşı futbolçu” ünvanına sahib olub. İyunun 12-də startı veriləcək DÇ-2014-də bu futbolçu üçün bir şans rolunu oynayacaq. Fransa millisi ilə uğur qazana biləcəyi halda Poqbanın ulduzu parlayacaq.

 

Rahim Sterlinq

Klubu – “Liverpul”

Ölkə - İngiltərə

Yaş – 19

Mövqeyi - vinger

Milli komandada keçirdiyi oyun sayı – 3

Vurduğu qol sayı – 0

 

Bu mövsüm İngiltərə çempionluğunun əldən çıxmasına baxmayaraq “Liverpul”un uğurlarında böyük pay sahibi oldu. Sterlinq peşəkar futbolçu kimi ilk günlərini İngiltərənin QPR klubunda keçirib. 2010-cu ildən “Liverpul”da oynayan gənc hücumameyilli yarımmüdafiəçi bu komanda ilə 57 oyuna çıxıb  və 11 qolun müəllifidir. Braziliyada keçiriləcək dünya çempionatında ingilislər bu futbolçudan çox şey gözləyirlər. Həmçinin, Sterlinq özünü daha yaxşı sübut etmək üçün mundialda klubunda göstərdiyi oyunu nümayiş etdirməlidir.

 

Romelu Lukaku

Klubu – “Çelsi”

Ölkə - Belçika

Yaş – 21

Mövqeyi - hücumçu

Milli komandada keçirdiyi oyun sayı – 28

Vurduğu qol sayı – 8

 

Bu mövsüm Premyer Liqada özünü yaxşı tərəfdən göstərən və icarədə oynadığı “Everton”da qolları sıralayan Lukaku DÇ-2014-də diqqət mərkəzində olacaq. İngiltərə çempionatında 2013/2014 mövsümü bitdikdən sonra bir çox Avropanın nəhəng klublarının hədəfində olan forvard özün inamı daha da gücləndirə bilər.

 

 

Rafael Varan

Klubu – “Real”

Ölkə - Fransa

Yaş – 21

Mövqeyi –müdafiə

Milli komandada keçirdiyi oyun sayı – 5

Vurduğu qol sayı – 0

 

Peşəkar karyerasına 2010-cu ildə “Lans”da başlayan Rafael Varan 2011-ci ildə “Real”a transfer olunub. Madrid klubuna gəldikdən sonra isə onun karyerasında yüksəliş dövrü başlayıb. Bu komanda ilə İspaniya çempionu, ölkə kubokunun sahibi və Çempionlar Liqasının qalibi olan gənc arxa xətt oyunçusu “Real”da göstərdiyi oyunu dünya çempionatında nümayiş etdirməklə klubundakı yerini daha da möhkəmləndirə bilər.

 

Yulian Draksler

Klubu – “Şalke 04”

Ölkə - Almaniya

Yaş – 20

Mövqeyi - vinger

Milli komandada keçirdiyi oyun sayı – 11

Vurduğu qol sayı – 1

 

Draksler peşəkar karyerasına 2011-ci ildə “Şalke 04”də başlayıb. Bu komanda ilə meydana çıxdığı 101 oyunda 15 qol vuran hücumameyilli yarımmüdafiəçidən dünya çempionatında çox şey gözlənilir. Almaniya nəhənglərinin hədəfində olan Drkasler özünü sübut milli komandada sübut etməklə digər Avropanın böyük klublarının maraq dairəsinə düşə bilər.

 

Luk Şou

Klubu – “Sauthempton”

Ölkə - İngiltərə

Yaş – 19

Mövqeyi – müdafiəçi

Milli komandada keçirdiyi oyun sayı – 1

Vurduğu qol sayı – 0

 

“Sauthempton”la son mövsümdə göstərdiyi oyuna görə böyük klubların transfer siyahısındadır. İngiltərə millisinin baş məşqçisi Roy Hocsonun diqqətini çəkməklə DÇ-yə getmək şansı əldə edən gənc futbolçu mundialda da diqqət mərkəzində olacaq. Çox güman ki, onu istəyən klubların skautları Şounu Braziliyada izləyəcəklər. Ona görə də 19 yaşlı müdafiəçi özünü sübut etməlidir.

 

Adnan Yanuzay

Klubu – “Mançester Yunayted”

Ölkə - Belçika

Yaş – 19

Mövqeyi –vinger

Milli komandada keçirdiyi oyun sayı – 1

Vurduğu qol sayı – 0

 

Hansı milli komandada oynayacağı barədə qərarı bir ay bundan əvvəl verən Yanuzay Belçika millisini seçmişdi. Bundan sonra yığma komandanın baş məşqçisi Mark Vilmost onu Braziliyaya aparmaq qərarı vermişdi. Gənc hücumameyilli futbolçu okeanın o tayında özünü sübut etməklə “Mançester Yunayted”dəki yerini möhkəmləndirə bilər.

 

Depay Memfis

Klubu – PSV

Ölkə - Hollandiya

Yaş – 20

Mövqeyi –yarımmüdafiəçi

Milli komandada keçirdiyi oyun sayı – 4

Vurduğu qol sayı – 0

 

Hollandiyanın PSV klubunda forma geyinən vurduğu 12 qol və verdiyi 7 qol ötürməsiylə parlaq bir gələcək vəd edən gənc futbolçu Lui Van Qaalın da diqqətini cəlb edib. Qana əsilli yarımmüdafiəçidən həmvətənləri DÇ-də yaxşı oyun gözləyirlər. 

0