Qara Qarayev: Hələ qrup mərhələsindən çıxmaq haqda düşünmürük - MÜSAHİBƏ
30.09.2014 - 09:51
Qara Qarayev: Hələ qrup mərhələsindən çıxmaq haqda düşünmürük - MÜSAHİBƏ

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına  müsahibəsi

 

- Premyer Liqanın hesabat turunda “Neftçi”ni məğlub etdiniz. Bu oyunla bağlı nə deyə bilərsiz?

- Bu görüşü müzakirə etməyin artıq mənası yoxdur. Bizim üçün vacib olan qələbə qazanmaq idı. Buna görə də komanda yoldaşlarımı təbrik edirəm.

 

- “Qarabağ” bütün komponentlərdə rəqibini üstələdi. Necə fikirləşirsiniz, “Neftçi” əvvəlki kimi güclü deyil, yoxsa artıq Premyer Liqada “Qarabağ”a rəqib yoxdur?

- Güclü olduğumuzu deyə bilmərəm. Sadəcə oyuna daha yaxşı hazırlaşmışdıq. Yaratdığımız qol imkanlarından da maksimum istifadə etdik. “Neftçi”nin zəif komandaolduğunu və ya zəif oynadığını deyə bilmərəm. Ola bilsin, başlanğıc bir qədər aqressiv alındı deyə, onlar oyunlarını itirdilər. “Neftçi” hər zaman güclü, liderliyə layiq komanda olub.

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə keçirəcəyiniz oyunöncəsi çoxları tam heyətlə meydana çıxacağınızı düşünmürdü. Bu cür addım atmağınız turnir cədvəlindəki vəziyyətlə bağlı idi?

- Çoxu belə düşünürdü. Ancaq biz açıqlamalarımızda da demişdik ki, hələ “İnter”lə oyun haqda düşünmürük. Çünki “Neftçi” ilə qarşılaşma ondan əvvəl baş tutacaq. Həmin matç haqda düşünməmək isə qeyri-peşəkarlıq olardı. Hansının keçirilmə tarixi əvvəldirsə, o oyuna yaxşı köklənməliyik. Bu oyun bitdikdən sonra Milan təmsilçisi haqda fikirləşmək olar.

 

- “Qarabağ” hər iki cəbhədə uğur qazanmaq üçün gücünü eyni dərəcədə bölüb?

- Əlbəttə, Premyer Liqa da bizim üçün vacibdir. Qarşıda “Neftçi” ilə oyun dura-dura ““İnter”lə duel haqda düşünürəm” deməyin məntiqsizlik olardı.

 

- “İnter”lə oyuna 3 gün əvvəldən yola düşmüsünüz. Adətən komandalar 1 və ya 2 gün əvvəldən səfərə çıxırlar. Bu qədər erkən yola düşməyinizə zərurət nədən yaranıb?

- Orda çox qalmağımız bizim üstünlüyümüzdür. Belə olan təqdirdə yerli hava şəraitinə, vaxt fərqinə, meydançaya uyğunlaşmış olacağıq. Hələ qrup mərhələsindən çıxmaq haqda düşünmürük. Tez gedirik ki, yaxşı dincələk, oyuna əla  köklənək və yüksəks səviyyədə oyun nümayiş etdirək.

 

- “İnter”in A seriyasında “Kalyari”yə 1:4 hesabı ilə uduzduğu matçı izləmisinizmi?

- Hesabdan xəbərdarıq. Onların uduzması bizim üçün yaxşı olmadı, əlehimizə işləyəcək. Çünki bu dəfə qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər.

 

- İlk oyunda “Sent-Etyenn”lə heç-heçə etməyiniz növbəti mərhələyə vəsiqə qazanmaq baxımından stimul yaradıbmı?

- Qrupdan çıxmaq haqda düşünmək tezdir. Hələ vaxtımız var. Çalışıb, yaxşı oynamalı, reytinq xalları toplamalıyıq. Rəqiblərimiz də güclüdürlər. Bir oyunda heç-heçə etməklə hansısa fikir yürütmək çətindir.

0