“Azərreyl”in təklifi daha sərfəli idi”
20.12.2011 - 11:17
“Azərreyl”in təklifi daha sərfəli idi”
Polşa milli komandasının voleybolçusu Karolina Kosekin “Azərreyl”ə keçidi ölkəsində böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Pyaçentsa” klubunun da maraq dairəsində olan 26 yaşlı voleybolçu sonda seçimini məhz “dəmiryolçular”ın xeyrinə edib.

Karolinanın agenti Yakub Dolata transfer haqda açıqlama verib: “Həqiqətən də “Azərreyl”ə qədər İtaliyanın A seriyasının aparıcı klublarından bir neçə təklif almışdıq. Onlar arasında “Pyaçentsa” variantı daha real idi. Nəhayət, Karolina seçimini etdi. O, Azərbaycanın ən güclü və uğurlu klublarından birinin təklifini razılıq verdi. Bununla da, voleybolçu cari mövsümün sonuna kimi “Azərreyl”ə bağlıdır. Bakı klubunun təklifi Kosek üçün daha sərfəli idi”.

Artıq 183 sm boya malik voleybolçu Polşada çıxış etdiyi “Lodz”un azarkeşləri ilə də vidalaşıb. O, son 2 mövsümdə şərəfini qoruduğu və uğurlar qazandığı komandanın fanatlarına çətin dövrlərində də dəstək olduqları üçün minnətdarlıq edib.

Qeyd edək ki, Karolina bu görüşdən dərhal sonra Türkiyəyə “dəmiryolçular”ın düşərgəsinə yollanıb. “Azərreyl” isə orada Çempionlar Liqasının qrup mərhələsinin IV turunda bu gün “Vakıfbank TTelekom”un qonağı olacaq.