Mira Qoluboviç: Çətin vəziyyətdən yaxşı çıxdıq
17.10.2012 - 17:27
Mira Qoluboviç:  Çətin vəziyyətdən yaxşı çıxdıq
"Komandamız çox yaxşı mübarizə apardı. Yarışda ən yaxşı matçımızı oynadıq". Apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Rabitə"nin kapitanı Mira Qoluboviç Çinin "Bohay Bank" klubuna 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Təcrübəli voleybolçu bildirib ki, rəqibi məğlub edərək yarımfinala yüksəlmələri əzmkarlıqlarının nəticəsidir: "İlk 2 seti rahat qazandıq. Lakin ardınca rəqib fərqi azaltdı. Bəzən oyuna konsentrasiya ola bilmirdik və çaşqınlıq yaranırdı. Amma qələbədən sonra özümüzü çox xoşbəxt hiss edirik. İnanıram ki, azarkeşlərimiz növbəti görüşlərimiz də belə əzmkarlığın şahidi olacaqlar. Fanatlarımızı da təbrik edirəm".

Qoluboviç lazımı anda çətinlikdən çıxmalarını da xüsusi vurğulayıb: "Bütün setlərdə çətinliyimizin olduğunu deməzdim. Əvvəlki matçla müqayisədə daha yaxşı oynayırdıq. Hər bir qarşılaşmada gərginlik olur, amma biz çətin vəziyyətdən yaxşı çıxdıq".

Qeyd edək ki, "Rabitə" yarımfinal matçına oktyabrın 18-də çıxacaq.