Super Liqada sensasion başlanğıc
18.10.2012 - 21:30
Super Liqada sensasion başlanğıc
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyundan öncə Voleybol Federasiyasının yeni inşa edilmiş İdman Kompleksinin açılış mərasimi baş tutub.

Tədbirdə qrupumun prezidenti Ziya Məmmədov da iştirak edib.

Ardınca mövsümün açılış matçında "Lokomotiv" debütant "Telekom"u qəbul edib. Çempionlar Liqasında oynayacaq "dəmiryolçular" gənclərdən qurulmuş rəqiblərinə "quru hesabla" qalib gəliblər..

İkinci qarşılaşmada "Bakı-Azəryol" – "Lokomotiv Biləcəri" dueli olub. Burada da sensasiya qeydə alınmayıb və Aleksandr Çervyakovun yetirmələri 3 xala seviniblər.

Günə turun mərkəzi oyunu ilə yekun vurulub. "İqtisadçı" çempionluq iddiasında olan "Azərreyl"in gücünü yoxlayıb. Sonuncular bu sınaqdan başıaşağı ayrılıblar. Hər 2 komanda yenidən formalaşdırıldığından aşkar favoriti olmayan qarşılaşmada “Universitet komandası” 4 setdə qalib gəlib.

18 noyabr
I tur


“Lokomotiv” – “Telekom” - 3:0 (25:18, 25:17, 25:13)
“Bakı-Azəryol” – “Lokomotiv-Biləcəri” - 3:1 (25:21, 23:25, 25:19, 25:14)
“İqtisadçı” – “Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)

Xatırladaq ki, Super Liqa bu ildən 4 dövrədən və hər dövrədə 7 turdan ibarət olacaq. Əsasnaməyə əsasən, 3:0 və ya 3:1 hesabına görə qalib 3, uduzan 0, 3:2 hesabında isə qələbə qazanan 2, məğlub olan 1 xala yiyələnəcək. Yekunda ən çox xal toplayan çempion adına sahib olacaq.

Əgər 2 və daha artıq komanda eyni xal toplayarsa, I və II yeri tutan komandalar arasında oyunlar hər hansının 2 qələbə qazanmasına qədər davam edəcək.