Katarjina Skorupa: Gündən-günə öz oyunumuzu tapırıq - MÜSAHİBƏ
19.10.2012 - 11:37
Katarjina Skorupa: Gündən-günə öz oyunumuzu tapırıq - MÜSAHİBƏ
"Rabitə" voleybol klubunun polşalı legioneri Katarjina Skorupanın apasport.az saytının Dohaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Dünya çempionatının yarımfinalında "Fənərbaxça"ya 3:0 hesabı ilə qalib gələcəyinizi gözləyirdizmi?
- Çətin oyun olacağını gözləyirdik. Ancaq elə də gərgin alınmadı. Qalib gəldiyimiz üçün özümüzü xoşbəxt hiss edirik. Çünki matçın startından diqqətimizi yalnız qələbəyə yönəltmişdik. Oyuna tam konsentrasiya olduğumuz üçün buna nail olduq və finala yüksəldik.

- İlk görüşdəki məğlubiyyətdən sonra ardıcıl 2 qələbə finalda da uğur qazanacağınızdan xəbər verirmi?
- Hazırda komandamızda əla ab-hava hökm sürür. Çünki gündən-günə öz oyunumuzu tapırıq və bunun nəticəsində də son 2 qarşılaşmanı qalib kimi başa vurmuşuq. Lakin finalda "Sollis Nestle" ilə oyunun çətin olacağı qənaətindəyəm. Onlar güclüdürlər, heyətini son Olimpiya çempionları təşkil edir. Amma bizim də bu gün əsas məqsədimiz "Rabitə"nin titulunu qorumaqdır və bunun üçün də meydana çıxacağıq.

- Artıq "Sollis Nestle" ilə 1 dəfə qarşılaşmısız və 1:3 hesabı ilə uduzmusuz. Onların zəif və güclü nöqtələrini analiz edib, nəticə çıxara bilmisizmi?
- Təbii ki. Biz toplantı keçirmişik və burada komandanın bütün mövqelərini analiz edib, lazımı qənaətə gəlmişik. Çalışacağıq ki, əvvəlki səhvləri təkrarlamayaq.

- Həmin görüşdəki məğlubiyyətin səbəbini açıqlaya bilərsiz?
- Burada ümumi bir elementi demək çox çətindir. Ümumi götürdükdə, ilk setləri yaxşı oynamışdıq. Lakin sonradan rəqib daha yaxşı oyun quraraq, blokda inamlı təsir bağışladılar. Bu da hücumlarımızın lazımı sonluqla yekunlaşmasına mane oldu.

- "Fənərbaxça" ilə matçdan sonra axsadığınız hiss olunurdu. Zədəniz ciddidirmi?
- Xeyr, o səviyyədə ciddi deyil. Sadəcə, İstanbul təmsilçisi ilə oyunda rəqiblə toqquşdum və ayağımda bir balaca şiş əmələ gəlib. Dünən axşam bir az ağrı olsa da, artıq yaxşıdır. Matça kimi həkimlər korpusu bunun tam aradan qaldırılmasına çalışacaq və oynamağımda heç bir problem görmürəm.

Tahir HÜMMƏTOV
DOHADAN