FİVB-in vitse-prezidenti: “Rabitə” yenə çempion olacaq
22.10.2012 - 11:23
FİVB-in vitse-prezidenti: “Rabitə” yenə çempion olacaq
“Rabitə” gənc komandadadı. Ötən il dünya çempionu oldu, bu dəfə mundialda ikinci yeri tutdu. Bu isə o demək deyil ki, komanda hər il qalib gəlməlidir”. Bunu apasport.az saytına açıqlamasında Beynəlxalq Voleybol Federasiyasının (FİVB) vitse-prezidenti Teofanis Tsiokris deyib.

Azərbaycan çempionu “Rabitə”nin Qətərdəki dünya çempionatında ikinci yeri tutmasını uğur adlandıran Tsiokrisin sözlərinə görə, mundialın finalında 2 dəfə oynamaqla tarixə düşən Bakı klubu növbəti il yenidən çempion olmaq gücündədi: “Əminliklə deyirəm, fikrimcə, növbəti il çempion adını yenə “Rabitə” qazanacaq. Çünki bu komandanın Cəlil Cəfərov kimi prezidenti var və o, ancaq qalibiyyət haqda düşünür”.

FİVB rəsmisi qadın voleybolçuların klublararası dünya çempionatının Dohada keçirilməyəcəyi barədə söz-söhbətlərə də münasibət bildirib. Onun sözlərinə görə, belə mötəbər yarışa Azərbaycanın ev sahibliyi etmək ehtimalı az deyil: “Hələ ki, qadın voleybolçuların dünya çempionatının Dohada keçirilib və ya keçirilməməsi ilə bağlı dəqiq qərar verilməyib. Ancaq Azərbaycan bu baxımdan maraqlıdırsa, əlbəttə, bunu təşkil edə bilər. Şanslar eynidir”.

Qeyd edək ki, son 4 ildə kişi voleybolçuların dünya çempionatını keçirən Qətər 2010-cu ildə qadın klubları arasında mundiala da ev sahibliyi edir.