Birləşmiş komandamızın avrokubok sınağı
22.10.2012 - 17:11
Birləşmiş komandamızın avrokubok sınağı
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edəcək Bakının “İqtisadçı” və “Bakı-Azəryol” klubları ilk görüşlərini doğma divarlar arasında keçirəcəklər.

Püşkdən sonra Hollandiya “Sliedrext”i ilə düşən Bülənt Karslıoğlunun yetirmələrinin mərhələ keçmək şansının çətin olacağı gözlənilsə də, Super Liqanın ilk turunun oyununa əsasən onların rəqiblərini yarışdan kənarlaşdıracağı şübhə doğurmur. Çünki gözəl komanda formalaşdıran türkiyəli mütəxəssis “İqtisadçı”nin CEV kubokunda ikinci cəhdincə uğur qazanmaq üçün mübarizə aparacaqlarını deyib.

Universitet komandası ilə müqayisədə rəqib elə də güclü hesab olunmur. Bunun üçün ilk matçda qələbə vacibdir. Çünki əks halda səfərdə məğlubiyyətin əvəzini çıxmaq, ardınca “Qızıl set”də oynamaq Bakı təmsilçisi üçün çətin olacaq.

Əslində “Bakı”nın iştirak etməli, son anda “Azəryolservis”lə birləşərək “Bakı-Azəryol” adlanan komandanın asan qalib gələcəyi proqnozlaşdırılır. Çünki ölkə voleybolunun elə də güclü olmadığı Sloveniyada klubları da zəifdir. Həmyerlilərimizlə oynayacaq “Maribor”un əsasını isə gənclər təşkil etdiyindən Aleksandr Çervyakovun komandasının elə də çətinliklə üzləşəcəyi gözlənilmir. Çox güman ki, CEV kubokunda debüt edəcək “Bakı-Azəryol” hər 2 matçda rəqibini darmadağın edəcək.

23 oktyabr

18:00. “İQTİSADÇI” (AZƏRBAYCAN) - “SLİEDREXT” (HOLLANDİYA)
Hakimlər: Vladimir Payevski (Ukrayna), Dəniz Dəmir (Türkiyə)
Bakı, İdman Oyunları Sarayı

25 oktyabr

18:00. “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) – “MARİBOR” (SLOVENİYA)
Hakimlər: Kristian Vanaveski (Estoniya), Roy Qoren (İsrail)
Bakı, Voleybol Federasiyasının İdman Kompleksi

Qeyd edək ki, CEV kubokunda 1/16 finalda uduzacaq klublar “Çelenc Cup”a enəcəklər.