“Qalatasaray” Azərbaycandan ulduz istəyir
01.04.2013 - 10:27
“Qalatasaray” Azərbaycandan ulduz istəyir
“Azərreyl”i mövsümün sonunda daha bir voleybolçu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, uğursuz mövsüm keçirən komanda belə gedişlə amerikalı Meqan Hodjla da yollarını ayıracaq.

Belə ki, mövsümün sonunda müqaviləsi bitəcək 25 yaşlı ulduz hücumçu hələ yeni müqavilə barədə fikirləşmir. Buna da səbəb Hodj “Qalatasaray”ın hədəfinə düşməsidir. Hazırda tərəflər arasında danışıqların da getdiyi bildirilir. Lakin hələlik Hodj yekun qərarını verməyib.

Qeyd edək ki, Çempionlar Liqasında “Dördlər finalı”na belə düşə bilməyən Bakı klubu Super Liqada da çempionluq şansını çətinə salıb. Bunun üçün də komanda rəhbərliyi islahatlara başlayıb. Artıq Anna Qrbaç (Xorvatiya), Karolina Vensink (Hollandiya), Riikka Lehtonen (Finlandiya) və Alessandro Çiappininin (İtaliya) rəhbərlik etdiyi məşqçilər korpusu klubdan kənarlaşdırılıb. “Azərreyl” isə mövsümün sonuna kimi Aleksandr Çervyakova tapşırılıb.