Azərbaycan çempionatında vahid lider
01.04.2013 - 17:34
Azərbaycan çempionatında vahid lider
Bu gün yüksək dəstəsində yarışan kişi ötüstü hokkey klubları arasında açıq Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk görüşdə meydana Rusiya təmsilçisi “XK Tana” və Bakının “Atasport” komandaları çıxıb.

Güman etmək olardı ki, ölkə çempionu “Akkord”un ardınca ötən mövsümün gümüş mükafatçısı da rəqibini məğlub edəcək. Amma hər şey düşündüklərimizin əksinə olub. Birinci hissənin ilk 5 dəqiqəsində rəqib qapısından 2 cavabsız top keçirən Rusiya hokkeyçiləri yekunda matçı 4:1 hesabı ilə öz xeyirlərinə başa çatdırıblar. “Atasport” komandasının qapısından qolların üçünü Kiril Derevyançenko və birini Yevgeni Mixeçik keçirib. Bakılılardan isə təsəlli topunun müəllifi Əli Nadirov olub.

“Akkord” (Bakı) - “Şahdağ” (Qusar) matçında şirkət təmsilçiləri görüşün startından hücuma keçərək Rauf Şükürov, Saleh Balamiyev və Samir Bəkirovun vurduqları qollar sayəsində birinci hissəni öz xeyirlərinə başa vurublar - 3:0. Fasilədən sonra “Şahdağ”ın hücumçusuYalçın Qayıbov hesab arasındakı fərqi 2 topa endirsə də, Aqşin Əliyev penalti zərbəsindən 4-cü topu qapıdan keçirərək, “Akkord”un 4:1 hesablı qələbəsini rəsmiləşdirib.

Bu günkü oyunlardan sonra “Akkord” xal ehtiyatını 10-a çatdıraraq turnir cədvəlində vahid liderliyi ələ alıb. 4 görüşdən 9 xal toplayan “XK Tana” klubu 2-ci sıradadır. “Atasport” 7 xalla III yeri tutur. Hərəyə 5 oyun keçirən “Şahdağ” və “Gənclik” 3 xalla IV-V pillədədirlər.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 3-də keçiriləcək. Həmin gün ilk olaraq “XK Tana”və ”Şahdağ” klubları qarşılaşacaq (saat 12:00-da). Növbəti görüş isə saat 13:30-da “Gənclik” (Sumqayıt) və “Akkord” (Bakı) komandaları arasında baş tutacaq.