“Azərbaycanda yarımçıq qalan işim var”
02.04.2013 - 18:15
“Azərbaycanda yarımçıq qalan işim var”
“İqtisadçı” voleybol klubunun sabiq türkiyəli baş məşqçisi Bülənt Karslıoğlunun apasport.az saytına müsahibəsi

- Öncə sizi ad gününüz münasibətilə təbrik edirik. Yəqin ki, başqa ölkələrlə yanaşı, sizi Azərbaycandan da təbrik ediblər?
- Bəli, çoxlu zənglər gəlib, sosial şəbəkələrdə təbrik davam edir. Klub rəsmiləri, menecerlər, məşqçilər, voleybolçular, habelə azarkeşlər öz ürək sözlərini çatdırırlar.

- Artıq 3 aya yaxındır “İqtisadçı” ilə yollarınız ayrılıb. İstirahət edirsiz, yoxsa yeni komanda axtarışındasız?
- Ən azından mövsümün sonuna kimi istirahətim davam edəcək. Çünki hazırda uşaq saxlayıram (gülür). Yeni dünyaya gələn oğlum - Əmir bizim üçün gözəl əyləncə oldu. İnşallah, yeni mövsümdən məşqçiliyə davam edərik.

- Azərbaycandan getdikdən sonra hansısa təklif almısızmı?
- Məşqçilər arasında belə deyim var: bu gün varıq, sabah yoxuq. Ancaq inanıram ki, işsiz günlərim çox olmayacaq. Ən əsası da doğma məmləkətim, sevdiyim Azərbaycana yenidən qayıtmaq istəyirəm. Orada işləmək ürəyimcədir və bu təkrarlanarsa məmnun olaram. Çünki Azərbaycanda yarımçıq qalan işim var. Mən Super Liqanın çempionluğunu istəyirəm. Bu, voleybol aləmində öz yeri olan çempionatınızın səviyyəsindən də irəli gəlir. Azərbaycanda mənə göstərilən sevgi, sayğı, insanların, azarkeşlərin hörməti də sözlə ifadə olunmur. Fikrimcə, yenidən Bakı klublarında işləmək ehtimalım var.

- Yəni, Azərbaycan klublarından sizi heyətində görmək istəyən var...
- Bəli, bu, yeni mövsümdən ola bilər. Menecerim bu barədə danışıqlar aparır və məni də məlumatlandırır. Mövsümün bitməsini gözləyirəm.

- Həmin komandanın adını açıqlaya bilərsizmi və o liderlər qrupundadırmı?
- Bunu demək hələ tezdir. Ancaq bildirim ki, təklif göndərən komanda liderlər qrupundadır. Yeni mövsümdə də çempionluq üçün oynayacaq. Mən burada olsam da, Azərbaycan voleybolunu izləməkdə davam edirəm. Çünki biz daim voleybolun içində olan çalışqan insanlarıq. “İqtisadçı”da da əla kollektiv yaratmışdıq. Komanda o demək deyil ki, qalib gələsən və ya uduzasan. Gözəl kollektiv ilk növbədə daxildə bir-birinə sevgi, hörmət, izzət deməkdir. Məşqçinin də əsas, birinci işi budur. Ardınca qələbələr özü gələcək.

- Bəs digər ölkələrin klubları necə sizi heyətlərində görmək istəyirlərmi?
- Türkiyədən də təkliflər almışam. Ancaq mövsümün sonunda qərar verəcəyəm.

- Azərbaycan Super Liqasında III dövrə başa çatmaq üzrədir. Sizin vaxtınızda lider olan “İqtisadçı” artıq “Rabitə”dən 8 xal geri qalır. Sizcə, artıq ilk “üçlüyü” proqnozlaşdırmaq olarmı?
- Fikrimcə, hələ tezdir. Çünki qarşıda “İqtisadçı”nın “Rabitə” və özlərindən 1 xal geri qalan “Azərreyl”lə oyunu var. Yəni hər şey bu matçlardan asılı olacaq. Böyük ehtimalla, “Rabitə” yenə çempionluğa gedir. Lakin ilk pillə uğrunda döyüşən “İqtisadçı” və “Azərreyl” onlardan xal ala bilər.

- Bəlkə onların hansınınsa liderə qalib gəlməsi gümüş medallar üçün vacib olacaq...
- Təbii ki, “İqtisadçı” ən azından ikinci olmaq üçün onlarla oyunu qazanmalıdır. Bununla yanaşı, “Azərreyl”lə matçda da gücünü göstərməlidir. Amma nəzəri cəhətdən hər 3 klubun çempionluq şansı var. Gəlin tələsməyək, son qarşılaşmaların nəticələrini gözləyək. “İqtisadçı”nın mükafatçılar sırasında yer alacağına inanıram.