Rusiya klubu Azərbaycan çempionatında liderliyə yüksəldi
05.04.2013 - 08:48
Rusiya klubu Azərbaycan çempionatında liderliyə yüksəldi
Yüksək dəstədə yarışan kişi ötüstü hokkey klubları arasında açıq Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “XK Tana” (Azov) və Sumqayıtın “Gənclik” komandalarının görüşündə “Gənclik şəhəri”nin təmsilçiləri rəqiblərinə kifayət qədər müqavimət göstərsələr də, məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Ancaq ilk oyunundan fərqli, bu dəfə hesab çox böyük olmayıb. Rusiya təmsilçilərinin vurduqları 6 qola “Gənclik” 3 topla cavab verib.

Turun mərkəzi oyunu Bakının “Atasport” və “Akkord” komandaları arasında baş tutub. Tərəflərin ciddi cəhdinə baxmayaraq, ilk görüşdə olduğu kimi bu dəfə də rəqiblər meydanı qolsuz heç-heçə ilə tərk ediblər.

Bu oyunlardan sonra “XK Tana” xal ehtiyatını 15-ə çatdıraraq yarış cədvəlində liderliyi ələ alıb. Heç-heçə “Akkord”un 14 xalla II pilləyə enməsinə səbəb olub. “Atasport” 8 xalla III yeri tutur. “Şahdağ” və “Gənclik” 3 xalla IV-V yerdədirlər.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 6-da keçiriləcək. İlk olaraq saat 12:00-da “XK Tana” və “Akkord” klubları qarşılaşacaq. Növbəti görüş isə saat 13:30-da “Atasport”la “Gənclik” hokkeyçiləri arasında baş tutacaq.