Azərbaycan çempionatının mükafatçısı təkzib edir
06.06.2013 - 10:26
Azərbaycan çempionatının mükafatçısı təkzib edir
“Az öncə oxudum ki, “Lokomotiv”lə növbəti 1 il üçün müqavilə bağlamışam. Bu informasiyanı təkzib etməyimi lazım bilirəm. Əslində bu, heç də belə deyil”. Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin voleybolçusu Olqa Palçevskaya deyib.

Yığmasının kapitanı son 2 il keçirdiyi Bakı “Lokomotiv”i ilə növbəti mövsüm üçün hələ yeni müqaviləyə imza atmadığını açıqlayıb. 29 yaşlı toppaylayıcının sözlərinə görə, “dəmriyolçular”da meydana az çıxması onu razı salmır: “Ötən mövsüm oyun praktikam az idi. Buna görə də klubumu dəyişməyə qərar verdim. Konkret təkliflərə gəlincə, bunlar hələ reallığa çevrilmədiyindən bu haqda danışmaq istəmirəm”.

Palçevskaya həmyerlisi Yekaterina Zakrevskayanın son mövsümün gedişində güclü “Rabitə”dən Rusiyanın ortabab “Proton”una keçidinə də münasibət bildirib: “Fikrimcə, həmyerlim Saratov klubuna keçidi ilə düzgün addım atdı. İstənilən halda, elə komandada yer almalısan ki, oyunçu kimi onlara həqiqətən lazım olasan. Bu, peşəkar planda artım üçün çox vacibdir. Həmin vaxt özünü rahat hiss edirsən”.

“Lokomotiv”dən saytımıza da verilən məlumata görə Palçevskaya ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Olqa “dəmiryolçular”la “Çelenc Cup”ın qalibi və Super Liqanın gümüş mükafatçısı olub.