“Lokomotiv”dən darmadağın - YENİLƏNİB
05.12.2013 - 19:15
“Lokomotiv”dən darmadağın - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Lokomotiv” də növbəti matçına çıxıb.

İlk mərhələdə Çexiya “Brno”sunu mübarizədən kənarlaşdıran komandamız bu dəfə İsrail “Hapoel”ini qəbul edib. Qarşılaşmanın deyil, cütün favoriti olan Kladio Kuellonunun yetirmələri ilk matçdaca səviyyə fərqini nümayiş etdiriblər. Artıq uğurları sıralamağa başlayan “dəmiryolçular” 1/16 final mərhələsinin hər 2 görüşünü qələbə ilə başa vuran israillilərə 3:0 hesabı ilə qalib gələrək, avrokubokdakı iddialarını ortaya qoyublar.

Belə ki, matç “Lokomotiv”in inamlı oyunu ilə start götürüb. Bunun nəticəsi olaraq komandamız ilk texniki fasiləyə 4, növbəti “istirahət”ə 10 top irəlidə yollanıb – 8:4, 16:6. Bu üstünlüyü qoruyan voleybolçularımız (18:8, 20:10) sonda seti asanlıqla aktivlərinə yazıblar - 25:16.

Gözlənilənlərin əksinə, ikinci hissə rəqibin ciddi müqaviməti ilə başlayıb. Onlar hətta setin gedişində “Lokomotiv”i 2 xal qabaqlamağı da bacarıblar – 17:15. Amma yeni yaradılan fan-klubunun alqış sədaları komandamızın yenidən öz oyununu tapması ilə nəticələnib. “Hapoel”ə çətin anlar yaşadan Kladio Kuellonunun yetirmələri bu dəfə hissəni 6 top irəlidə bitirib.

Üçüncü set isə sonuncu olub. Qarşısıalınmaz hücumlar, keçilməz blok və inamlı müdafiə israillilər üçün heç də xoş anlarla yadda qalmayıb. Əgər onlar ilk texniki fasilədə 3 top geridə idilərsə, ardınca bu fərq 7-yə çatıb – 9:16. Hissəni isə “Lokomotiv” 11 top irəlidə yekunlaşdırıb – 3:0.

Beləliklə, bu “quru hesablı” qələbə Bakı təmsilçisinin dekabrın 11-nə təsadüf edəcək cavab görüşünə müsbət əhval-ruhiyyədə yollanmasına da zəmin yaradıb.

CEV kuboku
1/8 final mərhələsi, ilk oyun

5 dekabr

“Lokomotiv” (Azərbaycan) - “Hapoel” (İsrail, Kfar Saba) - 3:0 (25:16; 25:19; 25:14)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Andrey Kovalçuk (Ukrayna)
Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, CEV kubokunun 1/8 finalında digər Bakı təmsilçisi “Azərreyl” ilk matçını qələbə ilə başa vurub. Onlar Çexiyanın “Olomouts” klubuna 3:0 hesabı ilə qalib gəliblər.