“Biz ölkəmizə gələn legionerlərdən zəif deyilik” - MÜSAHİBƏ
06.12.2013 - 11:22
“Biz ölkəmizə gələn legionerlərdən zəif deyilik” - MÜSAHİBƏ
Azərbaycan millisinin və “Azərreyl”in voleybolçusu Ayşən Abduləzimovanın apasport.az saytına müsahibəsi

- CEV kubokunun 1/8 final mərhələsində Çexiya təmsilçisi “Olomouts”a çətinlik çəkmədən - 3:0 hesabı ilə qalib gəldiniz. Oyunun belə asan keçəcəyini gözləyirdinizmi?
- Sözün düzü, yox. Çünki, rəqib 1/16 final mərhələsində özünü yaxşı tərəfdən göstərmişdi. Amma iddiamız böyükdür və bunun üçün çox matça ciddi hazırlaşmışdıq. Nəticədə 3:0 hesablı qələbə qazanmaq çətin olmadı.

- Bəs nə vaxt hiss etdiniz ki, rəqibə qalib gəlməkdə problem olmayacaq?
- Birinci setdən sonra. Amma bu, bizdə arxayınlıq yaratmadı. Əksinə, öz oyunumuzu göstərib, daha inamlı təsir bağışladıq.

- Cavab matçı barədə nə deyə bilərsiz? Sizə 1 setdə qələbə belə kifayətdir. Bunun üçün oynayacaqsınız, yoxsa “Olomouts”u yenə məğlub etmək fikrindəsiniz?
- Əlbəttə, evdə oynamaq səfərlə müqayisədə həmişə asandır. Ölkə xaricində çıxış etməkdə də hansısa çətinlik görmürəm. İnşallah, Çexiyada məqsədimiz yenə 3:0 hesablı qələbə olacaq.

- “Azərreyl”də daha təcrübəli voleybolçular, legionerlər yer alsalar da, matçın bombardiri siz oldunuz. Nəzərə alaq ki, siz hücumçu deyil, blokçusuz...
- Heç özüm də buna inanmadım. Amma sübut etmək lazımdır ki, biz heç də legionerlərdən zəif deyilik. Sadəcə, üzərimizdə bir qədər çox çalışmaq lazımdı.

- “Azərreyl” Azərbaycan millisinin ehtiyat qüvvəsi hesab olunur. Baş məşqçiniz Aleksnadr Çervyakov da yığmamızda Faiq Qarayevin köməkçisidir. Ola bilərmi ki, o, sizi qarşıdakı dünya çempionatının seçmə mərhələsinə hazırlayır?
- Bu barədə nəsə deyə bilmərəm. İstəyərəm ki, millinin bütün oyunçuları ilk “altılıq”da meydanda olsunlar.

- Yığmadan söz düşmüşkən, yanvarda keçiriləcək qrup mərhələsindən nə gözləyirsiniz? Serbiya, Estoniya və İsrail milliləri barədə nə deyə bilərsiz?
- Əlbəttə, komandamızın əsas məqsədi qrup birincisi kimi İtaliyada keçiriləcək final mərhələsinə yüksəlməkdir. Hamımız bunun üçün, bütün görüşləri qalib kimi başa vurmaq üçün çalışacağıq. Düzdür, bu, heç də asan olmayacaq. Xüsusilə, Serbiya ilə qarşılaşmanın daha gərgin keçəcəyini deyə bilərəm.

- CEV kubokunun 1/4 finalında çox güman ilk matçını qələbə ilə başa vuran Rusiya “Uraloçka”sı ilə düşəcəksiz. Bu rəqib sizi çəkindirmir ki?
- Xeyr. Heç də çəkindirmir. Amma çətin olacağını bilirik. Buna baxmayaraq, onlarla görüşə də tam hazırıq. Məqsədimizə çatana kimi hər bir rəqibə qarşı, hər xal üçün vuruşacağıq.

- Maraqlıdır, gələcəkdə heyətində yer almağı arzuladığınız klub varmı?
- Bəli. Bu, “Fənərbaxça”dır. Çox istərdim ki, gələcəkdə İstanbul təmsilçisinin heyətində yer alım.

- Super Liqa barədə nə deyə bilirsiniz? Burada arxada qalan 3 turda “Azəryol” və “İqtisadçı”ya çətin anlar yaşatsanız da, sonda məğlub olduz. Ardınca isə “Lokomotiv”ə gözlənilmədən 0:3 hesabı ilə uduzdunuz. Bu qarşılaşmaları necə şərh edərdiniz?
- Fikrimcə, “İqtisadçı” və “Azəryol” bir az güclü klub olduğu üçün “dirəşmişdik”. Amma “Lokomotiv” “Telekom”a uduzduğundan bəlkə də oyuna müəyyən qədər rahat çıxmışdıq.

- Sizcə, “Azərreyl” çempionatda hansı yeri tuta biləcək?
- Biz bacardıqca qələbə qazanıb irəliləməyə çalışacağıq. Amma yəqin 4-cü yerdən aşağıda olmayacağıq.