"Heydər Əliyev Kuboku"nun ilk finalçıları bilindi
26.04.2023 - 21:03
"Heydər Əliyev Kuboku"nun ilk finalçıları bilindi

Bu gün Voleybol Mərkəzində qadın voleybolçular arasında “Heydər Əliyev Kuboku”nun yarımfinal oyunları keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov” və “Abşeron” komandaları arasında olub. Gərgin keçən ilk seti "Abşeron" 25:20 hesabı ilə öz xeyrinə başa vurub. Növbəti hissələrdə də Famil Ağayevin yetirmələri rəqibdən daha az səhv edərək qalib gəliblər – 25:14, 25:22. Beləliklə, "Murov"u 3:0 hesabı ilə məğlub edən "Abşeron" turnirin finalına yüksəlib.

Yarımfinalın növbəti matçı isə “Azərreyl” və UNEC kollektivləri arasında olub. Bu görüş ehtimal olunduğu kimi, Eldar Yusubovun yetirmələrinin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən komanda meydandan 3:0 (25:9, 25:10, 25:6) hesablı qələbə ilə ayrılıb. Bir neçə gün əvvəl başa çatmış ölkə çempionatının qızıl medalını qazanmış "Azərreyl" yarışın 2-ci finalçısı olub.

Beləliklə, "Heydər Əliyev kuboku"nun finalında "Abşeron" və "Azərreyl" klubları üz-üzə gələcəklər. Qarşılaşma aprelin 28-də saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların yarımfinal oyunları sabah baş tutacaq. Saat 16:00-da meydançaya "Xarı bülbül Şuşa" və "Neftçi", 2 saat sonra isə "Murov" və MOİK kollektivləri çıxacaqlar.

0